“Qobustan”ı həm də Sabirin “Hophopnamə”sinə bənzədirəm - FOTOLAR

Hit: 1284
“Qobustan”ı həm də Sabirin “Hophopnamə”sinə bənzədirəm - FOTOLAR
Dünən Bakı Kitab Mərkəzində “Qobustan” jurnalının 50 illiyi ilə bağlı toplantı təşkil olundu. Toplantıda ölkənin tanınmış ziyalıları, fikir adamları iştirak edirdilər. Mən də dəvətliydim.
 
Düşünürəm ki, “Qobustan” jurnalı Azərbaycanda milli özünüdərkin inkişafına misilsiz təkan verdi, yeni ruhlu baxış sərgiləndi. Jurnal bir növ, xalqı silkələdi, özünə qaytardı. Dövrün hadisə və proseslərinə münasibət “Qobustan”ın səhifələrindən ifadə olunmaqla ciddi yaradıcılıq mövqeyi qazandı.
 
Jurnal fəaliyyəti ilə eyni zamanda yeni bir mərhələ yaratdı. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə əsası qoyulmuş, Mirzə Cəlilin “Molla Nəsrəddin”ində ideoloji çalarlar qazanmış milli özünüdərk prosesi öz davamını “Qobustan” mərhələsində tapdı. Nəinki tapdı, tarixiliklə müasirliyi çulğalaşdırmaqla gələcəyə işıq saçdı.
 
“Qobustan”ın uğurunu şərtləndirən amillər yetərincədir. Mən onların birinə diqqət yetirmək istərdim. Bu jurnal hər şeydən əvvəl böyük yazıçımız Anarın rəhbərliyi ilə ətrafına əsl ziyalıları topladı. Yalnız toplamadı, eyni zamanda bir ordu kimi formalaşdırdı. O ziyalılar ki, ən çətin durumlarda heç nədən qorxmadan, çəkinmədən xalqın düşündüklərini, insanların ürəklərində ümman tapmış milli duyğu və hissləri özlərinin yaradıcılıq duyumları ilə zənginləşdirərək Azərbaycanın müstəqilliyi ideyasına çevirdilər.
 
Heç şübhəsiz, dahi Sabir Azərbaycan ədəbiyyatının sütunlarındandır. “Qobustan”ı həm də Sabirin “Hophopnamə”sinə bənzədirəm. Bu gün bəzilərimiz “Hophopnamə”ni oxumuruq. Amma o bütün dövrlərimiz üçün aktualdır. “Qobustan”da qaldırılan məsələlər də həmçinin.
 
AMŞ Sədri
Əflatun AMAŞOV
1
1
1
1
1
1








Redaktorun seçimi