UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

Hit: 340
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək
Azərbaycan-Fransız Universiteti (UFAZ) 24 və 25 aprel tarixlərində, artıq ikinci ildir ki, kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan ActInSpace beynəlxalq innovasiya müsabiqəsinə ev sahibliyi edəcək.
 
24 saat davam edəcək hakatonda komandalar CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi), ESA (Avropa Kosmik Agentliyi) əməkdaşları və tərəfdaşlar tərəfindən verilən tapşırıqları həll etməlidirlər. Mentorlar və texniki mütəxəssislər müsabiqə müddəti ərzində komandalara tapşırıqların həllində məsləhət verə bilərlər.
 
Uğurlu nəticə göstərəcək ilk iki komanda Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluz şəhərinə yola düşəcək. Tuluzda qalib olan komandanın nümayəndələri avropalı astronavtlarının xüsusi təchiz olunmuş təyyarələrində ZeroG (çəkisizlik şəraitində) uçuş imkanı əldə edəcək. Qeydiyyat fevralın 29-dan etibarən başlayacaq və ilk 150 iştirakçı seçiləcək.
 
Komandalar 2-5 nəfərdən ibarət ola bilər və layihəni eyni anda 2 istiqamət üzrə təqdim edə bilər. İstiqamətlər haqqında məlumatı actinspace.org keçidinə daxil olaraq əldə edə bilərsiniz. Qeyd edək ki, Azərbaycanda UFAZ tərəfindən təşkil olunan müsabiqəyə Azərkosmos ASC və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi sponsorluq edir.
 
Müsabiqə eyni vaxtda dünyanın 54 ölkəsinin 89 şəhərində keçiriləcək. ActInSpace 2014-cü ildən etibarən CNES-in təşəbbüsü ilə həyata keçirilib və 2016-cı ildən ESA tərəfindən dəstəklənir. Müsabiqənin məqsədi kosmik sektorun sosial-iqtisadi potensialını nümayiş etdirərək gənc nəsli sahibkarlığa təşviq etməkdir.
 
İlk dəfə 2018-ci il mayın 26-da keçirilən ActInSpace müsabiqəsində UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin qalibi olublar.








Redaktorun seçimi