"Bu səylər heç bir halda boşa getməyəcək"

Hit: 931
"Bu səylər heç bir halda boşa getməyəcək"
Növbədənkənar parlament seçkilərindən öncəki seçki kampaniyası bir müddət əvvəl başlasa da bu mərhələ cəmiyyətimizdə müzakirələr üçün əsasa və imkana çevrilib.
 
Parlamentarizmə qarşı marağın artdığını əks etdirən ilkin göstərici isə seçkilərdə namizədliyini irəli sürən şəxslərin sayı, eləcə də onların tələbədən başlayaraq təqaüdçüyə qədər bütün sosial təbəqələrdən olma faktıdır.
 
İkinci və mühüm göstərici isə şərt olan 450 səsi toplayıb, qeydiyyatdan keçərək formal seçki kampaniyasına qatılan namizədlərin ümumi sayıdır. Ümumilikdə 1500, bir yerə 10-dan çox namizədin iddiası isə aşkar fəallığın nəticəsidir.
 
Yaranan vəziyyət, şübhəsiz ki, yerli icra hakimiyyətləri üçün ciddi təşkilati çağırışdır.
 
Subyektdən asılı olmayaraq prosesdə qanun pozuntusuna yol verməmək, seçicilərin iştirak, namizədlərin təbliğat hüququnu təmin etmək, ən əsası seçki günündə seçki prosesini təşkil etməyin ciddi və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq, bizə bütün bunlara məsul olanlara səbr və qüvvət diləmək qalır.
 
Cari seçkilər cəmiyyətimizə irəliyə doğru daha bir addım atmaq üçün imkan yaradır. Xalq ilə daima ünsiyyətdə olan cənab Prezident, rayonlara səfər edir, orada yaşayan insanlarla görüşür, onları dinləyir, əhalini narahat edən məsələ və problemləri həll edir. Bu münasibəti usanmadan məmurlardan da tələb edir. Dövlət qulluğunda fəaliyyətin əsası dövlət maraqlarına xələl gətirmədən mövcud problemləri aşkar etmək və onların həllini tapmaq, ictimai sifarişi gündəlik işdə əks etdirməkdir.
 
Millət vəkili hakimiyyətin icraedici qolunun bir hissəsi olmasa da, millətə qanunverici orqanın üzvü qismində, öz dairəsinə parlament nümayəndəsi funksiyaları çərçivəsində xidmət etmək öz ölkəsini sevən hər bir vətəndaş üçün vəzifə və imkandır.
 
Seçki prosesinin ilkin – imza toplama mərhələsində yüzlərlə insanla ünsiyyət imkanım oldu. Təbliğat kampaniyası başlamadığı üçün biz sadəcə sevimli Bakı, onun necə dəyişdiyi, böyüdüyü və gözəlləşdiyi haqqında danışırdıq. Bizim insanlar vətənini çox sevir, baş verən dəyişiklikləri dərk edir və dəyərləndirirlər. Onlar şikayət etməyi sevmirlər.
 
Səbailin müxtəlif hissələrində yaşayan insanlarla bugünki aktiv ünsiyyətdən sonra bunu bütün məsuliyyətimlə deyə bilərəm. Bununla yanaşı onların sual və istəkləri var.
 
Məhdudiyyətlərə, eləcə də seçkiqabağı prosesin qaydalarına uyğun olaraq mənim komandam və mən namizədliyimi irəli sürdüyüm Səbail 29 saylı seçki dairəsinə daxil olan əsasən Azneft, Badamdar, Bayıl, Bibiheybət, 20-ci sahə, İçərişəhərin bir hissəsində yaşayan insanlarla görüşürəm. Qeyd etmək istərdim ki, şəhərin mərkəzində yaşayan insanları parkinq və tıxaclar kimi şəhər infrastrukuturuna dair məsələlər narahat edirsə, şəhərətrafı ərazilərdə narahatçılıq doğuran məsələlər sosial müdafiə və məşğulluqdur. Xahiş və təklifləri anlamaq və sistemləşdirmək üçün seçkiqabağı kampaniya çərçivəsində seçki dairəsi ərazisində yaşayan 1000 nəfər arasında sorğu keçirdik.
 
https://www.facebook.com/108252074020547/videos/534535697162960/
 
Aparılan sorğu nəticəsində vətəndaşları narahat edən 3 əsas suallar bloku meydana çıxdı:
 
Şəhər və yaşayış infrastrukturu
Təhsil
Sosial müdafiə və məşğulluq
 
Məhz bu istiqamətləri seçkiqabağı kampaniyamızın təməlinə çevirdik. Məqsədimiz parlamentin əsas vəzifələrindən biri olan sosial sifarişin yerinə yetirilməsidir. Biz başqa dairələrdən olan konstruktiv namizədlər ilə də sorğu metodlarımızı və nəticələrimizi bölüşməyə hazırıq. Çünki sual və problemlərin əsas hissəsi vətəndaşların əksəriyyəti üçün eynidir.
 
Bununla yanaşı söhbətlər əsnasında ana xətt - insanların ölkə rəhbərliyinin yürütdüyü siyasətin ən doğru olduğunu anlamasıdır. Prezident xalq ilə daima əlaqədədir, xalqın maraqlarını qoruyur, öz simasında məmur aparatını da buna sövq edir.
 
Bəzən sosial şəbəkələrə həddindən artıq aludə olaraq, oradakı informasiya fonunu reallıq kimi qəbul edirik. Sosial şəbəkələr şübhəsiz ki, çox mühümdür, onların sayəsində ünsiyyət dairəsini genişləndirmək, yeniliklərdən xəbərdar olmaq, fikir yaymaq və yaratmaq mümkündür. Amma millət vəkili olan və ya olmaq istəyənlər üçün canlı ünsiyyət, birbaşa əlaqə daha mühümdür.
 
1500-dən çox insan bu prosesin ilkin mərhələsini keçərək rəsmi namizəd olub. Hətta siyahıya atılan səthi baxış belə onların bitərəf və təşəbbüskar namizəd olduqlarını görməyə imkan verir. Mən özüm onlarla belə namizədi şəxsən tanıyıram. Çox şadam ki, onların əksər çoxluğu – sağlam düşüncəli, dürüst və konstruktiv, ölkədə baş verənləri obyektiv qiymətləndirən, sistemin gəncləşdirilməsi və islahatlar istiqamətində səyləri dəstəkləyən, işi və perspektivləri olan, amma xalqa xidmət yolunu seçən insanlardır. Marginal və radikalların sayı bu prosesdə həddən artıq azdır və qeydiyyat prosesinin tamamilə açıq şəkildə aparıldığını nəzərə alsaq, sosial sifarişin, xalqın istəyinin, eləcə də gözləntisinin məhz bundan ibarət olduğu üzə çıxır.
 
Seçki qərəgahı üzrə həmkarlarım və öz adımdan, bütün namizədlərə effektiv, şəffaf və dürüst kampaniya arzulayır, eləcə də xalq ilə əlaqəni möhkəmləndirmə siyasətini gücləndirmək üçün seçki prosesinin yaratdığı imkanlardan faydalanmağı tövsiyə edirəm. Seçkilərin nəticələrindən asılı olmayaraq, bu səylər heç bir halda boşa getməyəcək, onlar ədalətli dövlət və sağlam cəmiyyət qurmaq istiqamətində növbəti addıma çevriləcək.
 
Nigar Arpadarai
 
Deputatlığa namizəd








Redaktorun seçimi