Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA

Hit: 686
Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA
Bir neçə gündür vəkil Aslan İsmayılov sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı sorğu tipli mövzunu müzakirəyə qoyub. Müzakirədə iştirak edənlərin faiz dərəcəsinə baxsaq bəziləri DYP-nin ləğv edilməsinə səs verib. Səs verənlərin təxminən 40 faizi yol polisinin işindən razılığını bildirib və yol polisi olmadan hərəkətin təşkilində ciddi problemlərin olacağı fikrini irəli sürüblər. Lakin başqa bir qrup bunun əksini iddia edir. Bəzi saytlarda da buna bənzər məlumat və informasiyalar yayılır və bu yazılarda Aslan İsmayılovun keçirdiyi sorğuya istinad edilir. Lakin yol polisinin fəaliyyətinə bələd olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, DYP olmadan Azərbaycanda hərəkətin təşkili və təhlükəsizliyi mümkün deyil. Bunun üçün bir neçə vacib məqama diqqət yetirməyimiz kifayətdir. Əvvəla ondan başlayaq ki, bu səsvermədə neqativ fikirlər yazanların əksəriyyəti intizamsız sürücülərdir. Onlar daim yol polisinin əleyhinə olublar. Yol polisinin olmaması onların işinə yarayır. Çünki konkret olaraq yol hərəkəti qaydalarını davamlı şəkildə pozan, cərimə olunan sürücü əlbəttə yol polisindən razılığını ifadə edə bilməz. Amma bu insanlarla üz-üzə oturub söhbət etsək, onlara yol polisinin fəaliyyəti barədə məlumat versək, onların törətdiyi xətaları üzə çıxarsaq, ümid edirəm ki, onların fikri dəyişəcək. 
Nəzərə almaq lazımdır ki, yol polisinin fəaliyyəti nəticəsində son illər yol qəza hadisələri və bu qəzalarda ölənlərin sayı azalıb. Əvvəllər 1300 civarında ölüm faktı qeydə alınırdısa, hazırda bu rəqəm 700-800 arasındadır.
Bundan başqa qayda pozuntularının aşkarlanması ilə bağlı da müəyyən irəliləyişlər əldə olunub. Bu gün statistik məlumatlara nəzər saldıqda görürük ki, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan inzibati protokolların yarıdan çoxu xüsusi texniki vasitələrin köməyi ilə tərtib edilir. Yəni, kamera və radarların köməyi ilə tərtib olunmuş protokolların sayı daha çoxdur. Deməli, yollarda xidmət aparan əməkdaşlar daha çox hərəkətin tənzimlənməsinə nəzarət edir.
Ötən il Bakı şəhərində yol nəqliyyat hadisələri təxminən 50 faiz, ölüm isə 20 fakt azalıb. Xəsarət alanların sayında da azalma müşahidə olunur.
Doğrudur, respublika əhəmiyyətli yollarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri çoxdur. Bu da təhlillər nəticəsində ortaya bir sıra məqamları çıxarır. Onlardan əsasən iş və istirahət rejiminə əməl etməyən sürücülərin törətdiyi qəzaları qeyd etmək olar. Son vaxtlar aparılan araşdırmalar göstərir ki, sükan arxasında yuxulayan sürücülər tərəfindən hadisələr törədilir.
Mobil telefon və digər texniki vasitələr sürücülərin diqqətini yayındırır. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi qəzaların ağırlıq dərəcəsini artırır. Texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərlə uzunmüddətli yola çıxan sürücülər tərəfindən hadisələr törədilir. Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri də var. Bütün bunlar aydın bir mənzərəni göstərir. Aslan İsmayılovun keçirdiyi sorğuda iştirak edənlərin də məhz bu qayda pozuntusu törədən şəxslərin olması şübhəsizdir. Qayda pozur, cərimə olunur, sonra da yol polisindən narazılıq edir.
Son vaxtlar intizamlı sürücülər arasında belə bir fikir formalaşıb ki, qayda pozmayanı cərimə etmirlər.
Son vaxtlar yol polisində aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Yol polisi müdaxilə etməsə tıxacların qarşısını almaq mümkün deyil. Parklanma ilə bağlı cərimə yazmaq səlahiyyətləri olmasa belə Bakıda yol polisi nəzarəti tam gücləndirəndən sonra daim tıxac nöqtəsi olan küçələrdə hərəkətin intensivliyi artıb.
Yol polisinin apardığı təbliğat işləri nəticəsində orta məktəblərdə yol hərəkəti qaydalarını bilər şagirdlərin sayı artıb. Artıq son illər intizamlı sürücülərin sayı artır ki, onlar da başqalarına nümunə olurlar. Bu insanların sayəsində düşünürəm ki, gələcəkdə yol polisinin fəaliyyətinə obyektiv yanaşma mümkün olacaq.
Ancaq kiminsə dar çərçivədə yanaşaraq “yol polisi ləğv edilsin” kimi fikirlər səsləndirməsi boş bir işdən xəbər vermir. Bir daha təkrar edirəm ki, təhlil aparılsa məlum olacaq ki, yol polisinin əleyhinə olanların 90 faizi dəfələrlə cərimə olunan intizamsız sürücülərdir. Qalan 10 faizi isə küyə düşüb polisin əleyhinə təbliğat aparanlardır. Düşünürəm ki, yol polisi bu insanların fikrini əsas tutaraq ruhdan düşməməlidir və fəaliyyətini davam etdirməlidir.
 
Nəzərə almaq lazımdır ki, bizim cəmiyyət polissiz yollara hazır deyil. Polissiz yollarda baş verən qayda pozuntuları, qəzalar və digər neqativ hallar bunu deməyə əsas verir. Bu gün bizim sürücülərin əksəriyyəti polis görəndə kəmər taxır, telefonu gizlədir, sürət həddini endirir və "intizamlı" olur. Deməli, biz cəmiyyət olaraq hələ də polis nəzarəti olmadan intizamlı sürücü və piyada ola bilmirik...







Redaktorun seçimi