"Baş bədənsiz nəyə lazım Qarabağsızdı Vətən"

Hit: 767
"Baş bədənsiz nəyə lazım Qarabağsızdı Vətən"
ŞƏHİD
 
Ey edən qurban özün Azəribaycanə şəhid,
Vətən uğrunda gedən şövq ilə meydanə şəhid.
 
Qanıvı torpağa qatdın bu Vətəndir sənə ad,
Qoymadınkı Vətənin torpağına qəsd edə yad,
Bu fəna mülkidə tək bir şüarın oldu: Cihad,
Qüvvəvi sərf elədin düşmənə mərdanə şəhid.
 
Ana yurda qıcıyıb dişlərini ac canavar,
Sən və sən tək kim olarsa tuta bilməzdi qərar,
Sənin ardınca su atdı gözü yaşlı analar,
Get qisas al yağıdan çək dağı düşmanə şəhid.
 
Baş bədənsiz nəyə lazım Qarabağsızdı Vətən,
Yağının tapdağı altındadı hər bağü çəmən,
Çatmısan ən uca bir zirvəyə sən ölməmisən,
Açılıb tay qapılar rövzeyi-rizvanə şəhid.
 
Bu şəhadət qalan insanlar üçün ibrətdir,
Qəhrəmanlıq sözünü anlamağa fürsətdir,
Qarabağ yoxsa Vətən hamımıza qürbətdir,
Bu həmi ruhə zərərdir, həmi imanə şəhid.
 
Pak əqidəndi səni ərseyi cəngə gətirən,
Olmayıbdır hələ bu yolda vəfasın itirən,
Həqq əməldir səni izzilə Xudayə yetirən,
Necə gör çatdı əlin şahi-şəhidanə şəhid.
 
Şah Xətai gücü var qollarıvın qurbanı,
Adı əsgər olanın qeyrət olur qalxanı,
Mehdi tək cəngə giriş heyrətə sal dünyanı,
Sonra ağ üz-ilə get məzhəri-Sübhanə şəhid.
 
Alarıq torpağı başlar o zaman novrağımız,
Bir daha tövfə edilməz yağıya torpağımız,
Şuşa, Xankəndi, Laçında asılar bayrağımız,
Vətənə həsrət olanlar yetər ünvanə şəhid.
 
Dardadır Azəribaycan sabaha yoxdu güman,
Dayanıb gözləmək üçün də dəxi yoxdu zaman,
Hazıram qurban olum yurda bu başdı, bu da can,
Fəxrilə sonra desinlər Hacı Soltanə şəhid.
 
Hacı Soltan Əlizadə








Redaktorun seçimi