Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru ilə görüşüb

Hit: 495
Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru ilə görüşüb
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.
 
Görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akademik burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi-tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, son illər Akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. Ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin olduğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
 
Səmimi qəbula görə, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirən Strasburq Universitetinin rektoru Mişel Deneken azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.
 
Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini də deyib.
 
Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.
 
Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanması istiqamətində razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya İnstitutları ilə birlikdə “İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.
 
Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Fransa-Azərbaycan Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani iştirak ediblər.







Redaktorun seçimi