Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur

Hit: 529
Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur
Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur.
 
Faktor.az xatırladır ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işləri aparılmasında və oradakı karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. X.Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilərək istismara verilib.
 
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir.
 
Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş ”Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X.B. Yusifzadə 1958-1959-cu illərdə ”Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
 
1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş ”Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək ”Başdənizneft” İdarəsində baş geoloqun müavini – şöbə rəisi, ”Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olmuşdur.
 
1970-1992-cı illərdə ”Xəzərdənizneft” Birliyinin, ”Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq ”Xəzərdənizneftqazsənaye” Birliyinin, ”Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və ”Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir.
 
1992-1994-cü illərdə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.
 
1960-cı ildə ”Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
 
1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda ”Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona ”Professor” elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
 
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.
 
X.B.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.
 
X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.
 
X.B.Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.
 







Redaktorun seçimi