Bu bir həyəcan təbilidir... - Rübabə SAHİB yazır

Hit: 1329
Bu bir həyəcan təbilidir... - Rübabə SAHİB yazır
Günlərdir özümü toplayıram ki, yazmayım, yalnış işlədəcəyim bir ifadə topluma qarşı antimaarifləndirmə olmasın deyə. Zəhradan, Alinadan, Firuzədən sonra Nərminin qətli və bəlkə də onlar kimi onlarla körpə fidanlarımızın valideyn məsuliyyətsizliyi, cəmiyyətin psixo-sosial naqislikləri və maddi məhrumiyyətlər səbəbiylə faciəvi şəkildə qətl edilmələri getdikcə daha geniş vüsət alır. Buna “son “ deməklə son olmayacaq o zamana qədər ki, biz cəmiyyətimizi sağlamlaşdırmaq üçün həqiqi potensialımızı səfərbər etməyəcəyik. Misalı ən sonuncu ajiotaj olan Nərminin faciəsi üzərində izah etmək istəyirəm.
Öncəliklə, Nərminin yandırılmasında Xoşqədəm Hidayətqızını günahlandırmaq birbaşa məntiqsizlikdir. Çünki Xoşqədəm o məsələni ictimailəşdirəndə hüquq-mühafizə orqanları artıq məsələ ilə bağlı xəbərdar idilər. Əgər onların istintaq işinə maneə törədirdisə, Xoşqədəm xanıma, lap elə tv rəhbərliyinə bu barədə lazımi tapşırıq verilə bilərdi. Çünki Xoşqədəm təsadüfi aparıcı deyil. O işində yetərsay təcrübə qazanmış adamdır. Bəli, məsələdə onun da səhvi var; Efirdə birbaşa qohumlararası münaqişənin şouya çevrilməsi qatili məsələdən uzaqlaşdırmaqda ürəkləndirə bilər, mərhumun anasının qatilə “ balamın ölüsünü ver heç olmasa” deyə səslənməsi də öldür ver hökmü kimi cinayətkara bəraət qazandırmaq idi, eyni zamanda Xoşqədəm xanımın “mən bu işin sonuna çıxacağam mütləq” kimi fikirlər səsləndirməsi də özlüyündə aparıcı katalizatorluğuna uyğun olmamaqla bərabər, həm də qatili də “bəhsəbəhs rejimi”nə kökləmək idi. Amma bu kimi hallar ictimailəşmədən də öz həllini tapsa, onda nə Xoşqədəmə, nə də başqa verilişə gərək qalar. Məsələnin ikinci tərəfi hüquq-mühafizə orqanlarının vaxtında və gərəkli müdaxiləni etməməyidir. Çünki axtarış- istintaq işləri 50milyonluq bir ölkədə və meqopolis bir şəhərdə aparılmırdı, kiçik bir kənddə baş vermiş hadisə idi sadəcə... Zənnimcə, bu hissədə başqa bir şərhə ehtiyac yoxdur. Eyni zamanda, hadisə lokal şəraitdə baş verdiyi üçün bütün qohum-qonşular aidiyyatı üzrə problemin həllində humanizm və insanlıq göstərmək adına birbaşa məsələyə müdaxilə etməli, həmrəy olub köşə-bucaq hər yeri axtarmalı idilər. Cənazənin başına toplaşmaq qohum-qonşuluq deyil. Cənazəyə imamdan və qəbir qazandan başqa adam lazım deyil əslində!
Və nəhayət, bütünlükdə faciə Nərminin yandırılmasında deyil, Nərmin və Nərminlə oxşar şəraitdə yaşayan körpə fidanlarımızın yaşadığı ailə modelindədir. Nərminin yüksələn alovu bu cür ailələrin artıq yanmaq kül olmaq zamanı gəldiyini göstərir. Normal ata, 10 yaşlı qızı axşamın qürub çağında harasa təkcə göndərməz özü topal, şil deyilsə. Ana nə qədər ağır- dözülməz şəraitdə işləsə də 24 saatda 2dəq 4 saniyə hər bir övladına şəxsən zaman ayırmalıdır ki, onu görmədiyi zamanlarda nə kimi problemlər yaşayır o uşaq. Ümumiyyətlə, ailə o deməkdir ki, kişi işləyir işıq yananda öz damının altına gəlir, balaları, həyat yoldaşı ilə çörək kəsib, süfrəyə oturur, ya da ailədə hər iki valideyn işləsə də, növbəli -planlı şəkildə ailəni qayğısına qalırlar. Bəs indiki halda Nərminin yaşadığı ailə formatı beləydimi? Əlbəttə xeyr! Bu kimi məsuliyyətsiz, ailə planlaması olmadan qurulan evliliklərdən doğulan, böyüyən onlarla Nərminlərimiz oxşar qayğısızlıqların qurbanlarına çevrilirlər hər gün. Zəhranın, Alinanın, Firuzənin və Nərminin taleyi ölkədə aidiyyatı qurumları düşünülmüş sosio-psixoloji addımların atılması, düzgün, gələcəyə planlanmış ictimai maarifləndirmənin təşkili, ailə planlaması olmayan nigahların bağlanmasın icazənin verilməməsi kimi əsaslı işlər görməyə çağırır. Əks halda, hər gün efirlərdə uşağını atmaq üçün gələn, əqli gerilik ucbatından 7-8 uşaq dünyaya gətirənlərin sayı artacaq və qaynata, gəlin, quda xəyanətləri, biabırçılıqları ilə milli-mənəvi, etik dəyərlərimizi alçaldan hallar geniş vüsət alacaq. Bu, bir həyəcan təbilidir.
 
P.S. Təhsili və mədəniyyəti geriləyən milləti iqtisadiyyat irəli apara bilməz. Amma ekonomik durum zəifdirsə, mədəniyyət də dirçələ bilməz.
 
Rübabə SAHİB








Redaktorun seçimi