90 kq əsirlikdə 35 kq qalmış Qarabağ qazisi - MÜSAHİBƏ

Hit: 296
90 kq əsirlikdə 35 kq qalmış Qarabağ qazisi - MÜSAHİBƏ
Onu çoxdan tanıyıram. İllərdir burdadır. Bakıda yaşayır. Qarabağ müharibəsi başlayanda bir çox türkiyəli qardaşlarımız kimi, o da şəlpür-şülpürünü yığışdırıb Azərbaycana gəlir. Elə o gələn, bu gələn, olur Azərbaycan vətəndaşı. 
- Salam, Atilla bəy, xoş gördük. Necəsən?
- Sağ olun. Təşəkkürlər. Allah deyib durmuşuq. 
- Nədən narahatçılığın var demək istədim həm də?
- Hə... gözümü deyirsən da. Səni zorla sezirəm. O vaxtdan gözlərim tam görmür heç. Amma yenə də şükür. Harasa özüm gedirəm, gəlirəm. Dostları, tanışları səsindən tanıyıram.
- Bəlkə qayıdaq o günlərə. O günlərə ki, necə oldu Azərbaycana gəldiniz?
- Ya, necə gələcəm. Zatən ürəyimiz qan ağlayırdı. Türkiyədə gündə bir xəbər alırdıq. Yerimdə dura bilmirdim. Deyirdim elə çıxıb gedəm Azərbaycana, erməni faşistlərinə qarşı savaşam. Ən azından Allah rzası üçün bu qardaş ölkəmin torpaq bütövlüyü uğrunda şəhid olaram, nə gözəl...yəni oralarda (Türkiyədə) sakit dayanmaq mümkün deyildi o illərdə. 
- Beləcə qərar verdin Azərbaycana gəlməyə.
- Hə. Mənim orda çoxlu dostlarım vardı. Biz hər zaman türk və müsəlman dünyası üçün özümüzü hazırlayırdıq. Harda savaş var, harda qardaşlarımız darda isə, ora getməyi düşünür, müzakirə edirdik. Mən də çıxıb gəldim Qarabağa.
- Birbaşamı getdin Qarabağa?
- Yox, əvvəlcə gəlib burda bir ərizə yazdım. Yazdım ki, məni Azərbaycan vətəndaşı edin. Erməni faşistlərinə qarşı döyüşmək istəyirəm. Dedilər ki, olmaz. Gəl, sən mültəci kimi özünü təqdim et. Dedim olmaz. Mən Türkiyəni pisləmək üçün bura gəlməmişəm. Orda kiməsəni də öldürüb qaçmamışam. Mən istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi ermənilrə qarşı döyüşəm. Çətinliklə də olsa sonda dirənib vətəndaşlığımı qəbul elətdirdim. 
- Sonra da üz tutdun Qarabağa.
- Getdim Qubadlda döyüşdüm. 1992-ci ilin martının sonunda gəlmişdim Türkiyədən. 1993-cü ilin avqustunun sonuna yaxın Qubadlının Başarat kəndi tərəfdə ermənilərlə savaşda vuruldum və özümü öldürə bilmdiyim üçün əsir düşdüm. 
- Özünü öldürməkmi istəyirdin?
- Heç huşum özümdə olub ki. Yoxsa bir təhər əsir düşməmək üçün nəsə edərdim.. Bir də gözümü açdım ki əsirlikdəyəm.
- Orda türk olduğunu bildilər yəqin...Daha doğrusu türkiyəli olduğunu...
- Hə.. bildilər. Məni çox incitdilər. Başıma olmazın müsibətini açdılar. 
- Niyə çox incidirdilər ki?
- Türkəm, üstəlik də gəlib Qarabağda döyüşürəm. Sevəcək deyildilər ki? Ancaq gözlərim yaxşı görmürdü. Mən də gözlərimin heç görmədiyini bildirdim. İynəni gətirib bəbəyimə doğru tuşladılar. Düz dayadılar didəmə. Əgər gözümü qırpsaydım zatən başım gedəcəkdi. Bütün iradəmi topladım. Sonda onlar inandılar ki, gözüm görmür. Bəzən də ən çox ona görə məni çox incidirdilər ki, bax, azərilərin çoxu döyüşmür, savaşmır, əsgərlikdən yayınır, sən isə deyirsən ki, ölməyə gəlmişəm.
- Bildiyimə görə siz 3 il 8 aylıq əsirlik həyatınızda divardan tuta - tuta yerimiş, digər əsirlərdən tutaraq, yapışaraq  yaşamısınız. Bu çətin deyildimi? Özünüzü necə alışdırdınız?
- Çətin olsa da, edirdim. Çünki bir türlü həyatda qalmağımın yolu bu idi. Mən iradəli adamam. Bir də ki erməni kimdir ki. Mən Allaha inanan birisiyəm. Bir adam türksə, savaş üçün yola çıxmışsa, üstəlik də inanclı isə, qalan şeylər boş şeydir. Heç nə, heç kim  qarşısında dura bilməz. 
- Əsirlikdə olduğun illərdə nələri dərk elədin?  Nələr sənə aydın oldu?
- Onu kəsinliklə öyrəndim ki, ermənilər rusların köməyi ilə Azərbaycanı ən azından üç yerə böləcəkdilər. Rəhmətlik Heydər Əliyev gələndən sonra onların oyununu pozdu. Ermənilər bir gün eşitdim ki, dəhşətli çal-çağır edirlər. Bir erməni vardı. Azərbaycan türkcəsini gözəl bilirdi. Soruşdum ki, bu nədir belə. Dedi ki, bəs Atəşkəs elan edilib ermənilərlə azərbaycanlılar arasında. Ona görə də bir dəfə toy edənlər belə ikinci dəfə toy edirdilər ki, onların şənlənməyi, misiqiləri Qarabağa yayılsın. Qarabağ torpağına, onun dərəsinə, dağına, otuna, suyuna hopsun. Az qalırdım dəli olam.
- Bəs orda əsirlər çox idimi? 
- Vardı da... Müharibə idi. O qədər şeylər var ki. Danışmaq istəmirəm. Əsəbləşirəm yadıma düşəndə. Gözlərimin önünə gələndə bəzi hadisələr. Danışılası deyil. Əsirlərlə adam kimi davranmırdılar. Nə deyim eee?
- Bildiyimə görə əsirlikdən qayıdanda bir dəri bir sümük olmusunuz?
- Elədir... 90-dan yuxarı çəkim vardı. Qayıdanda 35 kq olmuşam. Hər kəs elə bilirdi öləcəm. Ona görə də öldürmürdülər ki, onsuz da öləcəm. İçimdəki Allah inancı və güclü iradəm sayəsində sağ qaldım ölmədim.  Bir də onu deyim ki, məni Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti vasitəsi ilə Azərbaycana dönə bildim. Ermənilər də məni ona görə verdilər ki, onlar mənim gedən kimi öləcəyimə inanrdılar. Nə isə... çox şeylər var deyiləsi. Danışmaq olmur. Ürəyim ağrıyır yadıma düşəndə...
- Bəlkə danışasan. İçini boşaldasan? Nədən qorxursan?
- Heç kimdən, heç nədən qorxum yox. Sadəcə danışmaq istəmirəm. Bizlər Qarabağı mütləq geri qaytarmalıyıq. Yoxsa bu həyat bizə haram olacaq.
- Sizin belə əminliklə danışmağınız mənim xoşuma gəlir. 
- Bizim başqa yolumuz yoxdur. Savaşıb torpaqlarımızı geri alacağıq, bayrağımızı Qarabağın hər yerinə sancacağıq. Mən yandıran bir də odur ki, o dönəmdə tam səfərbərlik edə bilmədik. Gərək Qarabağda qələbə çalana qədər bütün çal-çağırı, böyük pullar qazanmağı, evlənməyi, toy-düyünü yasaqlayardıq. Bunu etmədik. 
- Niyə etmədik səncə? Nədən?
- Onu bilmirəm niyə etmədik. Ancaq etməliydik. Gələcək nəsillərə nə cavab verəcəyik. Mən gecələr yata bilmirəm. Hər gün Qarabağı düşünürəm. O torpaqlar qorxuram gələcək nəsillərə bir sorun kimi qala. Oğlum da burda əsgərliyə getdi. İndi də o biri oğlumu böyüdüb göndərəcəm əəsgərliyə. Vəsiyyət etmişəm ki, müharibə olsa, savaşıb öləcəm. Şəhid olacam. Onda məni Şamaxıdakı Türk məzarlığı var, yolun kənarında. Oralarda bir yerdə dəfn eləsinlər şəhid olsam. Bundan böyük xoşbəxtlik ola bilməz mənim üçün. 
- Deyirsən yenə mübaribə başlasa, gedərsiniz savaşa?
- Niyə getmirəm. Zatən mən müharibəni gözləyirəm. Qarabağın alınmasını gözləyirəm. O ümidlə yaşayıram. Sevinərək gedərəm. Ancaq gözümə görə qoymasalar, o zaman əsgərlərimzə moral verər, psixoloji cəhətdən onları hazırlayaram. Mənim təcrübəm az deyil.Bilirsinizmi, mənim üçün torpaqdan, bayraqdan, dövlətimizin müstəqilliyindən müqəddəs bu həyatda bir şey yoxdur. Millətimiz üçün savaşıb şəhid olmağa dəyər.
- Bəs yaxşı niyə soruşanda ki, Atilla bəy, hardansınız, deyirsən Qubadlıdanam?
- Ya sən məni ağladacaqsan belə getsə. Bəlkə qalsın?
- Yox, yox. Burda nə var ki, deyə bilərsiniz da...
- Bilirsən, əsir düşməmişdən hardasa 1 saat əvvəl Qubadlının Başarat kəndində bir evdə bizə yeməyə dəvət etdilər. Çörək yeyərkən kəmərimi və siqaramı masanın bir tərəfinə qoydum. Atışma başladı deyə təcili olaraq silahı alıb çıxıdm. Ondan sonra da dediyim kimi əsirlik. 4 ilə yaxın. Sonra qayıtdım. Aradan da vaxt ötdü. Bir gün o bizə son dəfə yeməyə dəvət edən ailəni xatırladım. Doğrusu, çox soraqlayandan sonra Sumqaitdə gedib onları tapdım. Məni görəndə hamısı ağlaşmağa başladı. Dərdləşdik elədik. Ayrılanda mənim kəmərimlə o siqaramı da gətirib mənə verdilər. Onlar elə biliblər ki, mən ölmüşəm.  Mənə təslim elədilər. Evdə siqaret çəkənlər vardı. Mən də o siqareti təzə açıb başından bir ədəd götürüb çəkmişdim. İnanmazsınız. Necə o masanın üzərinə qoyub getmişdimsə, mənə də o şəkildə təslim etdilər. Bundan sonra məndən kim soruşsa ki, hardansan, deyirəm ki, Qubadlıdanam. Təbii ki, mənim üçün Azərbaycanın, türk dünyasının hər qarışı doğma və əzizdir. Bilirsənmi, bax millət budur. Bu millətin uğrunda savaşmaq da, ölmək də şərəfdir, savabdır. Bir arzum var, diləyim var. Gecə gündüz Allaha dua edirəm ki, Qarabağı görmədən məni öldürməsin.
- Vallah, Atilla bəy, sənin bu duanın yanında savaşmaq, döyüşmək çox balacadır. Çox sağ ol. Təşəkkür edirəm, sağlıq arzuilayıram sənə...
Söhbətləşdi: x.telmanoğlu








Redaktorun seçimi