Saf su ovu - Rövşən Abdullaoğlu yazır

Hit: 601
Saf su ovu - Rövşən Abdullaoğlu yazır
İnsan öz fəaliyyəti ilə ekologiyaya çox ciddi, geri dönüşü olmayan ziyanlar vurduqdan sonra, nəhayət, öz təbii ekosistemini qoruyub saxlamış olan yeganə böyük quru parçasını mühafizə etmək qərarına gəldi. Antraktidanın mühafizəsi üçün imzalanmış beynəlxalq qaydalara ciddi bir şəkildə riayət olunduğuna mən də şahidi oldum.
 
Antarktida dünyanın ən təmiz havasına sahibdir. Təmiz hava hardadırsa, su da ordadır. Əslində, bir çox yerlərdə buzlaqlar var, lakin onlardan heç biri Antarktida buzlaqları qədər ekoloji təmiz və keyfiyyətli deyil. Buradakı buz dağlarından əldə oluna biləcək saf, təmiz su bir çoxlarını düşündürür. Qabaqlar qızıl, balina ovu üçün bu yerlərə üz tutmuş insan indi saf su ovuna çıxıb. Bəyaz Materikin buz örtüyünün qalınlığı bəzi yerlərdə 7 kilometrə çatır. Bu buzlaqlar dünyanın şirin su ehtiyatının 80 faizdən çoxunu özündə cəm edib və bütün dünya əhalisinin su ehtiyacını ödəməyə qadirdir.
 
Günümüzdə şirin su ehtiyatlarının sürətlə tükənməsinin artıq ciddi qlobal problemə çevrilməsi sirr deyil. Futoroloqların verdiyi proqnozlara görə, indi neft və qaz yataqları üstündə müharibələr getdiyi kimi, gələcəkdə saf su ehtiyatı olan yerləri ələ keçirməkçün də hərbi münaqişələr baş verəcək. Bəzi ölkələrdə içməli suyun qiyməti artıq benzinin qiymətindən bahadır. Belə bir zamanda Bəyaz Materik hər il Dünya okeanına bir milyard kuba qədər büllur kimi saf buz parçaları göndərir ki, bunlar da birbaşa fayda vermədən əriyib okeanın duzlu sularına qarışır. Bütün dünyada mütəxəssislər bu buzlaqlardan istifadə etmək üçün baş sındırır. Bu bir tərəfdən yeni təbii su qaynağı, bir çoxları üçün də yeni qazanc mənbəyidir.
 
Antarktida buzlaqlarından əldə olunan su yüksək keyfiyyətə malik olmaqla bərabər maya dəyəri də yüksəkdir. Nəhəng aysberqləri gəmilər vasitəsilə qoşquya qoşaraq sahilə gətirmək və sonra da emal etmək xeyli vəsait tələb edir. Yol boyu buz dağının 30% qədəri əriyir, yerdə qalan hissə də dəniz suyunun təsirinə məruz qaldığından təkrar təmizləməyə ehtiyac yaranır. Bütün bu xərclər suyun qiymətini xeyli qaldırır. Ona görə də bu sudan daimi istifadə hələ ki, bir lyüksdur ki hər kəsin cibinə uyğun deyil.
 
Biz də bu təbii nemətdən daddıq. Suyun üzərində gördüyünüz buzlar aysberqlərin parçaları olduğundan əslində şirindir, ancaq duzlu sudan çıxardığım üçün səthi bir az şorməzə idi.
 
 
 







Redaktorun seçimi