Beynəlxalq konfrans iştirakçıları məktəbdə

Hit: 388
Beynəlxalq konfrans iştirakçıları məktəbdə
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Ey Nəsimi, cahanı tutdu sözün…” mövzusunda beynəlxalq elmi-praktik konfransın bədii hissəsi keçirilib.
 
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Türkiyə, Özbəkistan, Qırğızıstandan olan araşdırmaçı alimlər, BŞTİ-nin nümayəndələri, ziyalılar, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
 
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Prezident İlham Əliyevin milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi böyük diqqətin təzahürü olduğunu vurğulayıb.
 
Nazir müavini çıxışında ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini qeyd edib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və böyük mütəfəkkirin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə mühüm təsir göstərdiyini vurğulayıb.
 
Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan araşdırmaçı alimlər İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən tədbirlərin ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini bildiriblər. Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin çox xoş olduğunu söyləyən qonaqlar bütün bunların gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verdiyini söyləyiblər.
 
Konfransda şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.








Redaktorun seçimi