Bakıda piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlanılıb

Hit: 337
Bakıda piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlanılıb
Bu ilin 11 ayı ərzində Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyini ciddi narahat edir.
 
Bunu Faktor.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
 
V.Əsədov qeyd edib ki, cari ilin 11 ayı ərzində paytaxt ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Yol-nəqliyyat hadisələrini təhlil edərkən məlum olur ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib. Bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ümumi yol qəzalarının 64 faizini təşkil edir. Buna görə BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib.
 
Müraciətdə bildirilib ki, piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri əsasən günün qaranlıq vaxtları və işıqlandırılmayan ərazilərdə baş verib. Bundan başqa, yolun hərəkət hissəsində, yerüstü və yeraltı keçidlərin yaxınlığında da piyadaların vurulması halları qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı sənədləşmə aparılır və günahkar qanun qarşısında cavab verir. Lakin piyadalar yol hərəkəti iştirakçıları olduğundan “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələblərinə əməl etməlidirlər. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün piyadalar da öz məsuliyyətini başa düşməli və tələblərə uyğun hərəkət etməlidirlər. Buna görə də piyadalara tövsiyə edilir ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusilə də günün qaranlıq vaxtında işıqlandırılmayan ərazilərdə hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdən, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər. Yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət yetirsinlər, onun qarşısından qaçmasınlar. Yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.
 
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstəriş və tapşırıqları əsasında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirlməsi üçün əlavə tədbirlər görülülür. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlanılıb, yeraltı və yerüstü piyada keçidlərinə ciddi nəzarət ediləcək. Əksər hallarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı təkcə sürücülərin yox, piyadaların da müəyyən təqsiri var. Məhz buna görə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə hərəkətin təhlükəsizliyi, piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri ciddi araşdırılır. Bu istiqamətdə konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısını almaq məqsədilə müntəzəm reydlərin keçirilməsi, KİV-də daha geniş təbliğat işinin aparılması, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin təşkili nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları nümunəvi davranışla çıxış etməyə çağırır”, - deyə V.Əsədov qeyd edib.








Redaktorun seçimi