Azərbaycan ədəbiyyatında kəlağayı haqqında yazılan ilk əsər

Hit: 1473
Azərbaycan ədəbiyyatında kəlağayı haqqında yazılan ilk əsər

Yazıçı Natəvan Dəmirçioğlunun "Kəlağayı" hekayəsi:

- Bu kəlağayı sənə çox yaraşır. Hardan almısan?
- Axtarırdım, tapmışam.
- Bu vaxt bunu tapmaq çətin məsələdi. Özü də əvvəllkilər kimi baramadandır.
-Desəm inanmazsan. Elə bil mənə hay gəlmişdi. Hamıdan kəlağayı soruşurdum. Bacımın qaynanası, o birisi bacımın baldızı, baldızının nəsil nəcabətində kim var hamısı, özümüzünkülər, qaynanam, kəndin qarıları – daha adam qalmamışdı mən kalağayı istəməyəm. Qaynanam dedi: -«Sənə nə rəng lazımdı?» Dedim:- «Nə rəng olur olsun. Ağ, qırmızı, noxudu, zoğalı». Hələ soraq verən yox idi.
Bu yay kəndə gedəndə atamın qonşu kənddə yaşayan qohumu rəhmətə getmişdi. Atam ora hüzür yerinə getdi. Çox gec gəldi. Bir də gördüm atam tələsik böyük darvazanı açır. Bizdə iki qapı var. Balaca qapı, özümüz işlədən. Bir də böyük qapı, maşın-zad gələndə açılan. Atam darvazanı açdı. Bir maşın içəri girdi. Göy “Volqa” idı. Bu maşından bir qop-qoca kişi düşürtdülər. Gəlhagəl, gətirib eyvana çıxardılar kişini. Kişi işığı zəifləmiş, yığılmış gözlərilə hey ətrafına baxır, elə bir kimisə, nəyisə axtarır, ya da elə bil hər şeyə ayrıca diqqət verirdi.
Atam toğlu kəsib qonaqlıq etmək istədi. Kişi qoymadı. Samavara od saldıq, təzə dəm dəmlədik. Çay süfrəsində atam çağırdı, mən də oturdum.
Dedi:
- Bu ağsaqqalı təsadüfən tapmışam.
Adama elə gəlirdi ki, bu qocalığında kişi ağır eşidər. Kişinin qulağı darı dəlirdi. Göy, damarlı əlini qaldırıb atamın sözünü kəsdi:
- Sən məni yox, mən səni tapmışam.
Atam güldü:
- Sən deyəndi,ağsaqqal – dedi.
Orada çox söhbətlər oldu. Qısası budur ki, bu kişi balaca uşaq olanda, özü dediyi kimi «xırda uşaq» olanda onlar atamın babasıgildə - bəylik qapısında qapı qaravulçusu olublar. Elə orada bəylik qapısında yaşayırlarmış. Həyətdə balaca qulluqçu evi, nökər- naibin, qulluqçu-qaravulçunun yaşayış yeri olurmuş bəylik qapısında. Deyir:
-«Şura hökuməti» qurulanda, bolşeviklər gələndə bəylik quruluşu dağıldı. Biz də oradan köçürüldük. Nəyimiz vardı – yorğan-döşək, xalça-palaz, qab-qacaq, taxt, miz hamısını səhər tezdən arabaya yüklədik, təzə yurda apardılar. Xanım bir-iki mis qazan, sini, teşt, bir yun palaz yükümüzə qatdı. Anam axşamtərəfi-ilkindi vaxtı özünün bər - bəzəyni, əmanət şeylərini bir pambıq şalın arasına yığdı, düyünçələdi. Boxçanı sağ qoluna keçirdi, sol əlilə mənim əlimdən tutub bəylik qapısıyla sağollaşdı. Evdə təkcə xanım vardı. Heç xanımı səsləmədi, utandı. Eləcə həyət-baca ilə vidalaşdı, halallaşdı. Bu mülkü, səltənəti ulu Tanrıya tapşırdı. Alaqapıdan çıxmaq istəyirdik ki, xanım eyvanın pəncərəsindən bizi səslədi. Anam geri qanrıldı. Mən də əlimi onun əlindən buraxıb geri döndüm. Xanım sakitcə bizə əl elədi. Anam yeyinərək geri qayıtdı. Xanım o tərəf bu tərəfə baxıb pəncərədən bir bükülü atdı. Anam bükülünü qoltuğunda gizlətdi. Şalının ucu ilə də üstünü örtdü.
Evə gəldik. Anam bükülünü çıxarıb mizin üstünə qoydu. Barmağını kip örtülü dodaqlarının üstünə vurdu üç dəfə. Bu o demək idi ki, bu haqda heç kimə heç nə demirsən. Otaqda ikimizdən başqa heç kəs yox idi. Tirmə şalın arasında beş qızıl pul, bir qolbağ, alt paltarı, iki dənə də kəlağayı var idi.
Pulu yəqin anam xərclədi, qolbağı 41-45 müharibəsində cəbhə fonduna verdi, tirmə şalı mən evlənəndə gəlinin başına atdı, alt paltarını geymiş olardı. İki kəlağayı bu gün də qatı açılmamış durur. Ya örtməyə utandı, ya şura hökumətindən qorxdu, ya da xanımdan yadigar saxladı. Day, orasını mən deyə bilmərəm. Amma onu bilirəm ki, lap son vaxtlar, qarı öləndən sonra qıza-gəlinə ha dedim ki, o örpəkləri örtün, dedilər «dəbi keçib, nəyimizə lazımdı». Arvadın sandığında durur. Öləndən sonra nəyi vardısa payladılar, yüyücüyə, mollaya verdilər. Kəlağayları mən qoymadım. Sandığında durur. Əvvəlki qadınların saxlancı olurdu, indikilərinki bir mebeldi, onu da kişi də açır, uşaq da açır, ona görə xeyir-bərəkət göyə çəkilib.
Kişini axşam gəldiyi göy “Volqa”da yola saldıq. İki gündən sonra mən qonşuluqdakı taksi sürən oğlandan soruşdum ki, məni o kəndə neçə manata aparıb gətirərsən. Dedi beş demirəm, ondan aşağı nə verərsən ver. Mən də beş verdim. Gedəndə bir kisə un, beş kilo qənd, çay, konfet aldım, bir vedrə meyvə dərdirdim, qoydum maşına, balaca oğlumu da yanımca apardım, getdim həmin o qoca kişigilə. Kəlağayıları alıb gətirdim. Biri ağ, biri də bu qırmızı kəlağayılar idi. Dünyanın işinə bax ki, elə bil bu kəlağayıları axtarırmışam. İynə axtaran kimi axtarırdım. Demək bunlar məni gözləyirmiş.
- Bəs qoca kişi nə dedi siz bunları gətirməyə gedəndə.
- Nə deyəsiydi? Özü demişdi ki, nə vaxt istəsəniz gəlin aparın. Halal mal yiyəsini tapar. O mirasdı. Mirasın böyük, müqəddəs qüvvəsi var. O qoca, dünyagörmüş kişi çox qiymətli sözlər dedi. Dedi:
-«Sovet hökuməti» bizim buxara papağımızı, kəlağayımızı, sazımızı, atımızı, hələ siahımızı demirəm onu tamam aldı. Amma bu dörd şeyi bizdən qopardı. Çünki bu dördü ilə biz özümüzə çox oxşayırıq. Buxara papaq qeyrətdi, kişilikdi, kəlağayı xanımlıqdı, saz ruhdu, at da namusdu, hünərdi. Bunlar bizdə var. Bunlar Azərbaycan türkünün özününküdür. Dalınca getdiyimiz, yelinə uçduğumuz millətlər var – ruslar, avropalılar, amerikalılar onlarda da çox üstünlüklər var, lap elə at da var. Amma bizdə olan elə dəyərlər var ki, onlarda min il bundan qabaq olmayıb, min il bundan sonra da olmayacaq. Onda get da qabağa, çat avropaya, amerikaya, kim sənə deyir getmə. Amma olanlarını itirmə. Çünki sənin olanla, sən özünsən. Hamıdan seçilirsən, qaynayıb-qarışıb itməyəcəksək millətlər içində. Özünün olanları yeni etməyi, çağdaş etməyi bacar!








Redaktorun seçimi