ƏSGƏR GEDƏN ATA-ANALAR

Hit: 427
ƏSGƏR GEDƏN ATA-ANALAR

Ey dadi bidad danəndə dəhan dərviş d...

Əskərimizdən, ordumuzdan danışanda  elə biləsən ən qəriban yerimizə toxunuram.Yenə gəldi əskər fəsli-çağrışı dönəmləri başlayır. Hər kəsin şahid olduğu mənzərədir. Bir uşağın dalınca bütün qohum əqrabası, bacı qardaşı, ata–anası, dost –tanışı ta hərbi hissəyə qədər dalınca gedirlər. Çağrışçı da bu törənin, ayinin magiyasına  dalaraq elə biləsən dünyasını əlindən alıblar, vətəni qorumağa deyil, öz ayaqlarıyla əsirliyə yollanır. 
Açığı hər dəfə hərbi çağırış dönəmi başlayanda Azərbaycanı qaramat basır. Insanların keçirdiyi hisslərdən, yaşadığı duyğulardan, çəkdiyi ah-nalədən, iraq olsun, sanki sonsuz bir matəm yaşanır. Hansıki, Türk ordusuna hərbi xitmətə çağrılan əskəri necə də min bir şənliklə, sevinclə, fəxrlə, qürur hissiylə uğurlayır, doqqazın başından ötürüb hər kəs geriyə qayıdır. Bu qutsal görəvin qaçınılmaz olduğunu,  bu yurdun ən azından keçmişinə, gələcəyinə bir sayqı olduğunu  hər bir türk dərk etdiyindən, bu gün hər qarışında bombalar partlayan, sənələrdi hər gün bir neçə şəhid verən, əskəri cənazə törəni düzənləyən türk dövləti, milləti sanki heç bir şey olmamış kimi qürurunu sındırmadan  varlığını sübut edir. 
Bizdə isə oğul əskgər getməmişdən qabaq hərbi komissarlıqlara get-gəllər başlayır, valideyin olan –qalan nəyi var satıb gücü çatırsa ya övladını “neqodnı” yazdırıb əskərlikdən azad edir, ya da gücü  o məhşum məbləğə yetmirsə, müəyyən miqdarla razılaşdırıb heç olmasa yaxına saldırır. Uşaq əskərdə olan müddətdə evdəkilərin fikri-zikri qalır onun yanında. Demirəm ki, kimsə uşaqlarını çölə atsın, unutsun. Ama bu dərəcədə də olmaz da. Evinə axşamlar gələndə pul tapmayıb çörək ala bilməyən insanlar var ki, boğazından kəsib, ya borc alıb  ən azından hər həftə iki-üç dəfə əskər övladının yanına gedir, pay-pülüş aparır, komandirə görüm-baxım eləyir ki, yetimçəsinə yaxşı baxsınlar. Əşşi, kimin uşağının kəsib ətindən kabab düzəldiblər ki? Qoyun bu yetimçələr sərbəst böyüsün, azad nəfəs alsın da. 
Digər tərəfdən onları da qınamaq düzgün deyil ona görə ki, vətəndaş fikri-zikri qaldığı yerə güvənməlidir. Sözsüz, hər həftə sülh göyərçinləri uçuşan bir ölkədə Azərbaycan əskəri erməninin gülləsinə tuş gələndə, yaxud hərbi hissələrdəki “bardak” vəziyyətin nəticəsi olaraq mənasız səbəblər ucbatından evlərə əskər meyitləri gətiriləndən sonra azərbaycanlı ananın, atanın şüuruna  qorxu, itgi anlayışı  elə pərçimlənir ki, daha onu öldürəsən dövlətə güvənini qaytarmaq qeyri-mümkündür. Hələ mən hərbi hissələrdə adı kitaba yazılsa da, gününə neçə manatdan danışıb komandirlərə aylıq ödəyən, hərbi xidmətini komandirlərin həyət-bacalarını təmizləməklə, evini, donuz tövləsini süpürməklə keçirən, pal-paltarı yuxarı çağrışçılar tərəfindən əlindən alınıb üstü-başı it günündəki əsgərlərin hər kəsin də yaxşı bildiyi vəziyyətindən danışmıram. 
Bu gün imkanlı adamların, gedin, yoxlayın, heç birinin oğlu-uşağı Azərbaycan ordusunda qulluq eləmir. Neçə min dollarını verib hərbi biletini alıb qoyur başının altına, hətta bu sənədi göstərərək işə düzələnlər, vəzifəyə də keçənlər az deyil. Belələrinin 90 faizinin ataları yüksək vəzifəli məmurlardır.Yalansa, mən bu məmləkəti tərk edərəm. 
Bu vətən yalnız  kasıb Əlinin, Əhmədin, Vəlinin deyil, həm də  çirkli pullarla bir neçə villa, saray tikdirən, ən son markalı avtomobillərdə gəzişən, ən bahalı restoranlarda nahar edən dövlət məmurlarının, idarə müdrlərinin də vətənidir. 
Hər kəs quldarlıq quruluşunda yaşamadığının fərqindədir. Ola bilsin bu gün hiss olunmasın, ama vaxt gələcək bu ordu Azərbaycana hava-su kimi lazım olacaq, daha doğrusu güclü,  rüşvətsiz, intizamlı  ordusuz Azərbaycanın iqtisadi-siyasi durumu təsəvvürə gətirmək mümkün deyil. 
Bütün bu dözülməz şəraiti, şərtləri yenə də məmur özbaşınaklıqları, laqeyitliyi ortaya çıxarır, onların Azərbaycan adında bir yurda öz parçası, bir hissəsi, ağrıyan yeri kimi baxmaması bais olur. Siz deyin, övladlarını vətənin qulluğundan qaçıran imkanlı insanlar hansı halallıqla bu torpağın üzərində yaşayır,yeyir, içir, nitqlər söyləyir,  sabah da dünyasını dəyişəndə vəsiyyət edir ki,  vücudunu dədəmin, babamın yanında- bu torpaqda basdırsınlar!
 
Xanəmir Telmanoğlu
 








Redaktorun seçimi