UTECA-da Əlillər Günü qeyd edilib

Hit: 578
UTECA-da Əlillər Günü qeyd edilib
Azərbaycan Texnologiya Universitetində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Könüllülük sərhəd tanımır” adlı tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, fiziki məhdudiyyətli şəxslər və tələbələr iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan UTECA-nın təlim-tərbiyə işləri üzrə prorektor əvəzi Mətanət Əhmədova bildirib ki, dünya əhalisinin, təxminən 10-12 %-ni fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Onların da 20%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Statistikaya görə bu gün Azərbaycanda 600 mindən artıq əlilliyi olan şəxs yaşayır. Bu da, ölkə əhalisinin 6%-i civarındadır. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır
Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova çıxışında ölkədə bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını deyib. Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
 
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi və UTECA-nın fəxri məzunu Yadigar Bədəlov əlavə edib ki, Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Ölkədə bu kateqoriyadan olan insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır.
 
UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, üzvlərin nailiyyətləri barədə məlumatlar verib. Bildirib ki, əlillərin cəmiyyətə inteqrasiyasının təminində iştirak etmək hər bir şəxsin borcudur.
 
Tədbirin qonağı, paralimpiyaçı Ülkər Əsgərova tədbir iştirakçıları ilə öz nailiyyətlərini bölüşüb. Fiziki imkanlarının məhdud olmasına baxmayaraq daim uğur qazandığını, ictimai həyatın bir çox sahələrində fəal iştirak etdiyini, boccia idman növü, rəssamlıq, vebdizaynla məşğul olduğunu, aktiv həyat sürdüyünü, 1 yaşlı övladı və ailəsi ilə xoşbəxt olduğunu deyib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə əlillərin cəmiyyətə inteqrasiyasında könüllülərin rolundan danışıb. Bu təşəbbüsə qoşulan bütün gəncləri 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edərək könüllülük hərəkatını gənclər siyasətinin bariz nəticələrindən biri kimi dəyərləndirib.
 
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Qalib Quliyev vaxtilə könüllü kimi fəaliyyətə başladığını, sonrakı uğurlu karyerasında məhz o dönəmin böyük rolu olduğunu bildirib.
Əlillərin cəmiyyətə inteqrasiyasını əks etdirən videoçarx nümayiş etdirildikdən sonra “Bir” Tələbə-Könüllü Proqramının UTECA üzrə koordinatoru Nicat Nağıyev Texnologiya Universitetinin bu missiyaya qoşulan tələbələrinin hesabatı ilə çıxış edib.








Redaktorun seçimi