Bu gün İmam Həsən Əskərinin doğum günüdür

Hit: 683
Bu gün İmam Həsən Əskərinin doğum günüdür
Bu gün hicri-qəməri tarixi ilə rəbius-sani ayının 8-i İmam Həsən Əskərinin mövlud gününə təsadüf edir.
 
İmam Həsən Əskəri (ə) 11- ci İmamdır, İmam Hüseynin (ə) övladlarından olub nəsəbi Hz. Əliyə və Xanım Zəhraya (ə) yetişir. Atası İmam Əliyən Nəqi (Hadi), anası isə Hudeysə, yaxud Susən kimi adlanır.
 
İmam Həsən Əskəri (ə) hicrətin 232-ci ili rəbius-sanı ayının 8-də Mədinədə dünyaya gəlib. Sonra Atası İmam Hadi (ə) ilə birgə məcburi şəkildə Samirraya gətirilir.
 
Mənbələrdə o Həzrətin (ə) aşkar şəkildə ailə qurmadığına işarə edilir. Yalnız sonradan Nərcis adlı bir xanımla gizli şəkildə evlənir və yeganə övladları Həzrəti İmam Zaman (ə.f) olur.
 
İmam Əskərinin (ə) əsl adı Həsən ibn Əlidir (ə). Əskəri adlanmasının səbəbi, 28 illik ömrünün hərbçilər nəzarətində keçməsinə görədir. Abbasi xəlifələri sonuncu imamın Həsən Əskərinin (ə) oğlu olacaqlarını bilirdilər. Doğulacaq uşağı ələ keçirmək üçün İmamı (ə) hər vəchlə gözdən qoymurdular.
 
İmam Həsən Əskəri (ə) 28 il ömür sürmüş və onun 6 il imamət dövrü olmuşdur. Yaşadığı çətin şərait İmamın (ə) xəstələnməsinə və 28 yaşında şəhadətə qovuşmağına səbəb olmuşdur. İmamın mübarək məzarı İraqın Samirra şəhərində atası İmam Hadi (ə) ilə yanaşıdır.
 
Əhli-Beyt (ə) imamları ilə düşmənçilik nəinki onların (ə) vaxtında, indi də mövcuddur. Hazırda da sabiq Əməvi və Abbasi düşmənçiliyi davam edir. İndinin özündə də bir çox yalançı din alimləri öz şəxsi mənafelərini güdərək İmamlar (ə) haqqında nahaq sözlər danışır, hətta onların (ə) məzarlarının dağıdılması fətvasını verirlər. Hansı yolla olur olsun, hətta məzarı dağıtmaq yolu ilə olsa belə İmamları və onların (ə) təlimlərini silib aradan aparmaq istəyirlər. İraqda İŞİD və əl-Qaidənin fəal olduğu zamanda İmam Həsən Əskərinin (ə) pak hərəminin atəşə tutulub, günbəzinin dağıdılması bunun bir nümunəsidir.
 
Lakin düşmənlərin çabasına baxmayaraq Allah öz nurunu yer üzündə yayaraq tamamlayacaq:
 
“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlayar. (Tövbə-32)








Redaktorun seçimi