AzTU-da beynəlxalq konfrans keçirilir

Hit: 553
AzTU-da beynəlxalq konfrans keçirilir
Dekabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının təşkilatçılığı ilə “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
Dekabrın 6-da başa çatacaq konfransın məqsədi telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasından ibarətdir. Beynəlxalq konfransda telekommunikasiya sahəsi ilə bağlı olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edirlər.
 
İştirkçılar əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Qonaqları salamlayan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən biri telekommunikasiya ilə bağlıdır. Konfransın AzTU-da keçirilməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayan rektor bu gün universitetdə qlobal iqtisadiyyatın çağırışlarına uyğun islahatlar aparıldığını, bəzi fakültələrin yenidən təşkil olunduğunu bildirib. Konfransın işinə uğurlar arzulayan Vilayət Vəliyev tədbirin gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasına təkan verəcəyini də bildirib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, innovativ texnologiyaların telekommunikasiyada tətbiqi cəmiyyətin inkişafına səbəb olacaq. Bu inkişafda elm və təhsilin böyük rolu var. Elm və təhsilin qarşısında dayanan ən mühüm vəzifə yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Yaqub Piriyev bu mənada konfransın əhəmiyyətli olacağını qeyd edib.
Azərbaycan və Belarusun dost ölkələr olduğunu bildirən Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç bu dostluğun əsasının uzun illər əvvəl qoyulduğunu deyib. O, rəhbərlik etdiyi akademiyanın AzTU ilə mütəmadi əməkdaşlıq etdiyini, Texniki Universitetin professor-müəllim heyətinin tez-tez BDRA-da məruzə ilə çıxış etdiyini xatırladıb. Konfransın uğurlu nəticələr əldə edəcəyini deyən rektor əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyini bildirib.
 
Daha sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru Elton Məmmədov və Özbəkistan “UNİCON.UZ” elmi-texniki və marketinq tədqiqatları mərkəzinin “Radiorabitə, radioverilişləri və televiziya” elmi-tədqiqat şöbəsinin müdiri Xusanov Zokir Komildjanoviç çıxış ediblər.
Konfrans çərçivəsində AzTU ilə BDRA arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Beynəlxalq konfrans daha sonra işini plenar və bölmə iclasları ilə davam etdirib.







Redaktorun seçimi