Dövlət Agentliyi ilə UNICEF arasında memorandum imzalanıb

77 dəfə oxunub
Dövlət Agentliyi ilə UNICEF arasında memorandum imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında anlaşma memorandumu imzalanıb.
 
Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar. Rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələr, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği istiqamətində görülən işlər barədə məlumat verən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.
 
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir: "UNİCEF və Dövlət Agentliyi arasındakı yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək".
 
Qeyd edək ki, Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini, bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.
 
Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.
 
Qeyd edək ki, 20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.



Redaktorun seçimi