Mehriban Əliyevanın fəaliyyətində multikulturalizm dəyərləri: qeyri-Maddi İrsin qorunması

88 dəfə oxunub
Mehriban Əliyevanın fəaliyyətində multikulturalizm dəyərləri: qeyri-Maddi İrsin qorunması

"Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, üdin də, kumık da, başqası da - bütünlükdə, hamısı azərbaycanlıdır. "Azərbaycan" sözü bizi həmişə birləşdirib. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar". Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu dəyərli fikirlər, müasir dünyamızda milli-etnik və dini dözümlülük mühiti formalaşdırmaqla nəticələr çıxarmaq üçün olduqca ibrətamizdir.

Azərbaycanda multikulturalizm bir dəyərlər toplusu, etnomədəniyyətlər çələngi kimi tarixən mövcud olmuşdur. Azərbaycan multikultural və tolerantlıq ənənələrini, etnik və milli-dini quruplar arasında gözəl harmonik münasibətləri bütün dünyaya çatdırmaqdadır. Cənab Prezident həmişə qeyd edir ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Multikulturalizmin daha da inkişaf etməsi üçün dövlət səviyyəsində hər zaman qayğı göstərilir. Tarixə nəzər salsaq, görərik ki, Alban kilsəsinin mövcudluğu, yəhudi icmasının, eləcə də, rus pravoslav icmasının burada məskunlaşması və digər amillər Azərbaycanda xalqların harmonik şəkildə birgə yaşamasının sübutudur.
Son iyirmi ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan multikulturalizminin hüquqi və siyasi qolunu qoyması bu sahədə yeni mərhələnin başladığını göstərirdi. Hal-hazırda Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu mərhələni layiqincə davam etdirirlər.
Multikulturalizm tədqiqatçısı britaniyalı Kənan Malik öz əsərində yazır ki, əgər 30 il bundan əvvəl multikulturalizmi onlarda mövcud olan sosial problemlərin həllinin bir vasitəsi kimi yanaşırdılarsa, indi artıq multikulturalizmə onların cəmiyyətində mövcud olan sosial problemlərin səbəbi kimi yanaşırlar. Bu sözdə artıq Qərb ölkələrinin multikulturalizmə münasibəti əks olunub. Doğrudan da, Qərb ölkələrində multikulturalizm bir siyasət kimi, ilk olaraq Amerikada, Kanada da, eləcə də, Avstraliyada meydana gəlmişdir. Çünki saydığımız ölkələrdə bu müxtəliflik onları tənzimləmək istiqamətində izolyasiya və assimilyasiya siyasətinin iflası, səmərəli olmaması multikulturalizm siyasətinə müraciət etməsinə gətirib çıxardı. Lakin sonradan bu mültikulturalizm vasitəsilə tənzimlənən etnik müxtəliflik müəyyən problemlərin yaranmasına səbəb oldu. Belə ki, 2011-ci ildən ilk dəfə Britaniyanın baş naziri David Kemeron Münhendə keçirilən təhlükəsizlik üzrə toplantıda qeyd etdi ki, multikulturalizm bir siyasət kimi artıq özünü doğrulda bilmir, sonra eyni tərzdə Fransanın keçmiş prezidenti Nikola Sarkozi və Almaniyanın Kansleri Angela Merkel də bu fikirləri dəstəklədi.
Artıq bildiyiniz kimi, Yaxın Şərqdə baş verən münaqişələrlə bağlı, eləcə də, Şimali Afrikada olan iqtisadi tənəzzüllə bağlı həmin yerlərdən son dövrdə Avropaya çoxlu sayda qaçqınlar gələrək, siyasi sığınacaq istəyirlər. Artıq bu demokratiya, insan hüquqlarından car çəkən Qərb ölkələri açıq şəkildə insan hüquqlarını pozurlar. Varşavada ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları Bürosunun insan ölçüsü üzrə illik toplantısında ATƏT-ə üzv olan 57 ölkə ilə bərabər, bir çox qeyri-hökumət təşkilatları iştirak edirdi. Onlar aparıcı avropa ölkələrinin Britaniya, Almaniya, Fransa, Belçika və s. etnik-dini müxtəlifliyin tənzimlənməsinə dair siyasətini açıq şəkildə tənqid edirdilər. Belə bir möhtəşəm iclasda bu siqnalların verilməsi, doğurdan da, Qərb ölkələrinin ciddi problemlərlə üzləşdiyini göstərir.
Belə bir şəraitdə qaçqınlara və digər etnik-dini qruplara münasibətdə ölkəmiz insan hüquqları və demokratiya baxımından, bir çox ölkələr tərəfindən təqdirəlayiq qarşılanır.
BMT-nin Svilizasiyalararası Alyansının 7-ci Qlobal Formunda "Biz ən vacib zənginliyimizi qoruyub-saxladıq. Bu da insan kapitalı idi. Bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr yaratdıq. Gənc nəsil müasir təhsilə də çıxış əldə etdi. Amma bu, müvəqqəti müalicədir. Çünki insan qaçqındırsa, heç bir şərait doğma yerini əvəz edə bilməz. Bu problemin həllini tapması, işğal olunmuş torpaqların azad edilməsi, insanların evlərinə qayıtması lazımdır." Mehriban Əliyevanın bu çıxışı yuxarıda sadaladığımız məsələyə bariz nümunədir.
Azərbaycanın multikulturalizm ideyaları sayəsində bu sahədə qazandığı nailiyyətlərlə örnək və nümunəvi ölkəyə çevrilir. Obrazlı şəkildə qeyd etsək, deyə bilərik ki, ölkəmiz "Məğlubedilməz Qala"sını yaradır. Qeyd etmək lazımdır ki, respublikamızın bu sahədə nailiyyətlərinin istinad etdiyi bir mənbə var. Dövlətin siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Xüsusilə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu sahəyə xüsusi diqqət ayırır.
1996-cı ildə Azərbaycan-YUNESKO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında, bu münasibətlərin canlanması və gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvəzolunmaz rola malikdir. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mehriban xanımın iştirakı ilə 2015-ci il sentyabrın 8-də "Parisin ürəyində Azərbaycan" adlı tədbir çərçivəsində dini tolerantlıq və birgə yaşayış mövzusunda konfrans keçirilmişdir. Sentyabrın 3-dən 9-dək məşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında ölkəmizin zəngin mədəniyyətini təqdim edən "Azərbaycan şəhərciyi" fəaliyyət göstərib. Həmçinin, dünyaca məşhur fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" sərgisi nümayiş olunub.
Elə həmin layihə çərçivəsində sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans təşkil olunub. Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib. O, konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşdiyini, Azərbaycanda məscidlərin, kilsə və sinaqoqlarla yanaşı mövcud olduğunu, bütün dini azadlıqların təmin edildiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr Muzeyində islam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Heydər Əliyev Fondunun yaxından iştirak etdiyini bildirib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tolerantlığın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyib. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç Azərbaycan və yəhudi xalqlarının bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdirdiklərini vurğulayıblar.
Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali, Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdə tolerantlıq mühitinin canlı şahidi olduqlarını bildiriblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Alban-Udin Dini İcmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete ölkəmizə bütün dini konfessiyaların fəaliyyətinə bərabər imkanlar yaradıldığını diqqətə çatdırıblar.
Eləcə də, qeyd etmək lazımdır ki, Roma katakombasının bərpası, Vatikan Apostil Kitabxanasındakı unikal əlyazmaların bərpası, Roma Katolik Muzeyinin filosoflar zalının təmiri və digər layihələrin təşkili müsəlman ölkəsi olaraq, Azərbaycanın atdığı mühüm addımlardan biridir. Heydər Əliyev Fondunun bu cür layihələri multikulturalizm sahəsində gözəl təşəbbüs olmaqla yanaşı, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün əsl qlobal nümunədir.
Dövlət başçısı İlham Əliyevin 2015-ci il mayın 18-də Bakıda keçirilən "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunun rəsmi açılışında etdiyi çıxışda "Azərbaycanın mədəniyyətlərarası dialoqda, multikulturalizmin inkişafında öz rolunu oynadığını, ölkəmizin sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovşağında yerləşdiyini və coğrafi mövqeyimizin ölkəmizin mədəni müxtəlifliyinə səbəb olduğunu diqqətə çatdırdı. Əsrlər boyu bir çox xalqların, mədəniyyətlərin, dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşadığını və ölkəmizin inkişafına öz töhfələrini verdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, biz mədəni və tarixi irsimizlə fəxr edirik.
Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm İli" elan edilməsi haqqında Prezident İlham Əliyevin verdiyi Sərəncamla bu sahəyə ayrılmış diqqət və qayğı özünü göstərir.
Heydər Əliyev Fondunun yaranması ilə aparılan yüksək səviyyəli islahatlar nəticəsində, 2003-2017-ci illər ərzində YUNESKO-nun sənədlərində Azərbaycan Qeyri-Maddi Mədəni İrs Siyahısına 13 Qeyri-Maddi Mədəni İrs nümunəsi daxil edilmişdir.
Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı sayəsində muğam sənətinin qorunub-saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən "Muğam televiziya müsabiqəsi" keçirməyə başlandı. 7 noyabr 2003-cü il tarixində Azərbaycan Muğamı YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Elə eyni sessiyada Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
"Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" 15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
"Tar və Onun İfaçılıq Sənəti" 3-7 dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
"Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
"Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
"Lahıcın misgərlik sənəti" 30 noyabr - 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
"Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka" 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası çərçivəsində çoxmillətli nominasiya (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə) kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Məşvərət Komitəsinin (İAC) 2017-ci il 24-27 oktyabr tarixlərində keçirilmiş toplantısında 2016-2017 nominasiya dövrü üzrə Məhəmməd Fizulinin "Divan" əlyazmasının sürəti Dünya Yaddaşı Proqramının Beynəlxalq Reyestrinə daxil edilməsi üçün YUNESKO Baş Direktoruna tövsiyə edilmişdir. Füzulinin "Divan" əlyazmasının sürətinin Dünya Yaddaşı Proqramının Beynəlxalq Reyestrinə daxil edilməsindən sonra, reyestrdə Azərbaycanın yazılı irsinə aid artıq ölkəmizin "Orta əsrin tibb əlyazmaları" sənədi də daxil olmaqla, 2 nominasiya yer alır.
2005-ci ilin payızında YUNESKO Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan üç orta əsr tibb əlyazmasını, rəsmi olaraq, "Dünya Yaddaşı" Proqramının Reqistrinə daxil etdi. Həmin siyahıya dünyanın ən unikal və əvəzolunmaz yazılı abidələri daxildir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir.
Dolma (sarma)- Azərbaycanın qədim milli xörəklərindən biridir. Dünyada dolmanın 30-a yaxın növü var . Dolma qədim türk sözü olub, mənaca "dolmaq" felindən götürülüb. Bəzi regionlarda buna "sarma" da deyirlər. Bu da, "sarmaq" felindən götürülüb. Qədim istifadə olunan məhsullardan və texnologiyadan asılı olaraq, müxtəlif növləri vardır. 2017-ci ildə Azərbaycanda "Dolma hazırlanması və bölüşdürülməsi ənənəsi mədəni identikliyin göstəricisi" kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.
"Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu qərar YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan və İranın birgə təqdim etdiyi nominasiya qəbul edilib. Kamança Azərbaycanın ən qədim musiqi alətlərindən biridir. "Kamança" adıyla bu alət Azərbaycanda, İranda, Qafqazın müxtəlif ölkələrində tanınır. Misirdə "Kamanqa", Orta Asiyada isə "Qişek" adlanır.
Dəfələrlə YUNESKO-dakı konsertlərdə, məhz Azərbaycan musiqiçiləri kamançada ifalar səsləndirib. Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov bildirib ki, kamança sənəti ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edir, bu yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsidir. Müzakirələr zamanı erməni tərəfi, hər zaman olduğu kimi, kamançaya da sahib çıxmağa çalışaraq, təxribatçı şıxışlar ediblər. Onlar kamançanın Azərbaycanın deyil, Ermənistanın qədim musiqi aləti olması ilə bağlı cəfəng iddialar irəli sürüblər. Amma onların təxribatının qarşısı alınıb. Azərbaycan nümayənbdələri faktlara söykənən dəlillərə əsas gətirərək, kamançanın, məhz Azərbaycana adi olmasını qarşı tərəfin diqqətinə çatdırıblar. Türkiyənin YUNESKO-dakı Nümayəndə Heyətinin üzvləri də Azərbaycana dəstək nümayiş etdirib. Musiqişünaslar ermənilərin YUNESKO-nun qəbul etdiyi qərara qarşı çıxmasına təəccüblənməyiblər. Çünki bu, ilk hal deyil. Əvvəllər də mənfur qonşularımızın Azərbaycan musiqilərinə və musiqi alətlərinə sahib çıxmaq cəhdləri olub. Amma onların bu iddialarının qarşısı həmişə alınıb. Musiqişünaslar deyirlər ki, ermənilər kamançada ifa etməyi birgə yaşadığımız dövrlərdə Azərbaycandan öyrəniblər. Onlar muğamı bilmədiyi üçün azərbaycanlı xanəndənin və tarın ifasını kamançada təkrar edirdilər. Bununla da, onlar bu bilikləri mənimsəyərək kamançanı özlərininki sayır və müxtəlif əsassız iddialara irəli sürürdülər. 2018-ci ildə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş YALLI ənənəvi qrup rəqsləri, xüsusilə, kollektiv çıxışlara əsaslanan rəqs nümunələridir. Yallı rəqs birliyi müxtəlif bayram və tədbirlərdə müstəqil şəkildə və ya planlaşdırılmış qaydada rəqsləri səhnələşdirən təlim keçmiş rəqqaslardan ibarətdir.
2019-cu ilin böyük uğurlarından biri də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.
Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqını təbrik edərək bildirmişdir ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur."Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada mutlikulturalizm mərkəzlərindən biri kimi tanınır." Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 25-də Romadakı "Custiniani" Sarayında keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfransdakı çıxışında diqqətə çatdırdı. Səslənən bu fikirlər Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır

Nərmin Əhmədova,

"ASAN Xidmət" in böyük məsləhətçisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, "Dövlət və Bələdiyyə İdarəetməsi" ixtisası üzrə ikinci kurs tələbəsi



Redaktorun seçimi