"Əli (ə) ayağında" Nəsimi yad olunub

Hit: 837
"Əli (ə) ayağında" Nəsimi yad olunub

Bakının Buzovna qəsəbəsində yerləşən "Əli (ə) ayağı" ziyarətgahıda dahi Azərbaycan şairi Seyid İmadəddin Nəsimiyə həsr olunmuş tədbir keçirilib. Ölkəmizin tanınmış ədibləri və din xadimlərinin iştirakı ilə keçirilən tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılmışdı. Qonaqlar Nəsiminin mənəvi və ədəbi irsi, milli şüurumuzun formalaşmasında və tariximizdəki rolu haqda geniş söz açıblar.

Öz növbəsində Hacı Şahin Həsənli bildirib ki, tədbir həm də bir simvoldur:

"Bu gün burada toplaşmağımızın xüsusi bir rəmzi var. Əli (ə) qədəmgahında Əlini (ə) doğma azərbaycancamızda ilk mədh edən şairlərdən birinin xatirəsini yad edirik. Nəsimi haqda çox danışılıb və bəlkə də onun kimi şəxsiyyəti ətrafında bu qədər müəmma dolaşan ikinci şair tapılmaz. Bəlli olan iki mühüm məsələ var, o Allah sevdalısı idi və ilahi sevdalının halını Azərbaycan dilində nəzmə çəkən ilklərdəndir. Nəsiminin bədii dilimizin yaradıcılarından sayılır. Gələcəkdə Azərbaycan dilində sənət incilərinin yaranması üçün yol açan şair məhz Nəsimidir. Və o da mühümdür ki, bu yol Allah, Peyğəmbər (s) və Əhli-Beyt (ə) adı ilə açılıb.

Canu-dildən Müstəfa və Mürtəza məddahiyəm,

Həm bu on iki imama söylərəm mədhü-səna....

Nəsiminin həyatı maraqlı dönəmi ehtiva edir. Bir yandan Şirvanşahlar tarixinin qızıl dövrü başlayır, burada iqtisadi, siyasi və mədəni yüksəliş müşahidə olunur. Şirvanşah İbrahim həm yeni sülalənin əsasını qoyur, həm də yeni əsrin. Bu fonda paytaxt Şamaxının da İslam dünyasında rolu böyüyür. İrfanın hürufilik qolu Şirvanda yaranır və müsəlman dünyasında qısa bir zamanda şöhrət tapır. Nəsimi belə bir mühitdə formalaşır və daha sonra Əhli-Beyt (ə) adını uca tutmaq üçün Şərqin müxtəlif şəhərlərinə yola düşür. Bu baxımdan Nəsimi sadəcə böyük şair deyil, həm də tariximizin bir rəmzidir. İlahi eşq, övliyalara sədaqət, mərifət, pak fitrət, insanpərvərlik üzərində qurulmuş bir dünyagörüşün əsas istehsalçılarından və mərkəzlərindən biri olduğumuzun rəmzi. Milli şüurumuzun bu dəyərlərdən qaynaqlandığının rəmzi".

Qeyd edək ki, QMİ qazisi Hacı Soltan Əlizadənin təşəbbüsü ilə keçiriən tədbirə tanınmış din xadimləri Hacı Əhliman Rüstəmov, Hacı İlham Səlimov, Hacı Gülbəla Fənai, fəlsəfə doktoru Mail Yaqub, araşdırmaçı Natiq Rəhimov da qatılıblar.









Redaktorun seçimi