Peşəkar jurnalistlər üçün bilikləri artırmaq baxımından fürsət

Hit: 323
Peşəkar jurnalistlər üçün bilikləri artırmaq baxımından fürsət

«Kaspi» Təhsil Şirkəti ingilis dili kursları təşkil edəcək

«Kaspi» Təhsil Şirkəti "Xəzər” Teleradio Yayım Şirkətinin birgə təşkilatçılığı və Mətbuat Şurasının rəsmi dəstəyi ilə jurnalistlər üçün ingilis dili təlimlərinə start verir. "Kaspi Polyglot” dil kursları nəzdində təşkil olunacaq ingilis dili kurslarının əsas məqsədi Azərbaycanın peşəkar jurnalistlərinin ingilis dili biliklərini artırmaq və inkişaf etdirməkdir.
 

Qeyd edək ki, şirkət 6 il dalbadal "Azərcell”lə birlikdə jurnalistlər üçün ingilis dili kursları həyata keçirib. Sonradan layihəyə fasilə verilib.
Yenidən start götürən layihə ilə bağlı keçirilən mətbuat konfransında «Kaspi» Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev bildirdi ki, layihənin Azərbaycan jurnalistikasının inkişafına böyük töhfəsi olduğunu düşündükləri üçün yenidən reallaşdırmağı qərar veriblər: "Bu ideyanı irəli sürən Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva oldu. Çox sevinirik ki, həm Mətbuat Şurası, həm də "Xəzər” Media Mərkəzi bizə bu istiqamətdə dəstək verdilər. İnanırıq ki, bu layihə də əvvəlki layihələr kimi uğurlu olacaq”.

E.Əliyev məlumat verdi ki, bundan əvvəl keçirilən layihələrə 40-50 jurnalist cəlb olunub və onlar bu kurslarda 6 ay ərzində ingilis dili biliklərini inkişaf etdriblər: "Bu layihənin nəticəsində bir çox jurnalistlər uğur qazandılar. İnanırıq ki, layihənin davamı bir çox jurnalistlərin ingilis dilini öyrənməsinə yenə də böyük fayda verəcək».  E.Əliyev KİV nümayəndələrinin mükəmməl ingilis dilinə sahib olmalarının üstünlüklərini də qeyd etdi. «Layihə müstəqil dövlətimizin hərtərəfli inkişafı barədə həqiqətlərin dünyaya yayılması, Qarabağ haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, xalqımızın zəngin mədəniyyəti və tarixi barədə məlumatların ingilis dilində dərc olunması kimi məqsədlərə xidmət edəcək. Jurnalistlərin ingilis dili bilikləri həmçinin dünya xəbərlərinin Azərbaycanda da operativ və düzgün yayılmasına, Azərbaycan jurnalistikasının beynəlxalq jurnalistlər qrupuna inteqrasiyasına və təcrübə mübadiləsinə də stimul verəcək”.
 

E.Əliyev qeyd etdi ki, gələcəkdə jurnalistlər arasından, nəticələrə uyğun olaraq iki nəfərin seçilib London şəhərinə dil kursuna göndərilməsi haqqında da düşünülür: «Belə bir niyyətimiz var. O zaman biz "Azərcell”ə müraciət etmişdik ki, jurnalistlər üçün motivasiya xarakterli bir şey olsun. Onlar da müəyyən vəsait ayırmışdılar. Hələlik isə bu layihə üçün vəsait ayrılmayıb. Ancaq gələcəkdə hər hansı sürprizlərin ola biləcəyi istisna deyil. Bu, həm yaxşıdır, həm də əvvəlki təcrübələrə görə çaşdırıcı rol da oynayıb. Məsələn, bir çox jurnalistlər üçün xaricdə iki həftəlik və ya bir aylıq kurslar çox gözəl praktika olubsa, bəzən ingilis dili səviyyəsi yaxşı olan jurnalist məhz Londona getmək üçün kurslara qatılıb. Ümumilikdə isə bu, faydalıdır. Vəsait cəlb olunarsa, mənbə tapılarsa, gələcəkdə nəzərə alacağıq».
 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Ümid Mirzəyev jurnalistlər üçün ingilis dili kurslarının təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd etdi: "Biz bu vaxta qədər "Kaspi” Təhsil Şirkətinin çox sayda sosial yönümlü layihələrinin şahidi olmuşuq. Hesab edirəm ki, əvvəllər altı il ərzində davam edən bu layihənin yenidən bərpası bu istiqamətdə mühüm addım olacaq. Beynəlxalq tədbirlərdə iştirak edərkən, ingilis dilinin nə qədər vacib olduğunun fərqinə varırıq. Həm ölkəmizin tanıdılması, həm də əlaqələrimizin qurulması baxımından bu layihənin əvəzsiz rolu var. Bu, peşəkar jurnalistlərimizin layihədən yararlanması üçün bir şansdır. Çünki bizim Qarabağ problemimiz var, bizə çamur atanlar çoxdur. Jurnalistlərin mücadilə aparması üçün dil bilgiləri də vacibdir. Dil öyrənilməsi jurnalist üçün çox önəmlidir. Həm də bu kursun təşkili media qurumlarına dəstəkdir. Layihənin əhəmiyyətliliyini nəzərə alaraq, Mətbuat Şurası da layihəni dəstəkləyir».
 

Layihənin digər tərəfdaşı – "Xəzər” Teleradio Yayım Şirkətinin sözçüsü Aqşin Kamal vurğuladı ki, qloballaşan dünyada ingilis dilinin çox vacib olduğunu nəzərə alsaq, bu layihənin əhəmiyyətliliyini başa düşmək çətin deyil: "Əvvəlki illərdə "Kaspi” Təhsil Şirkəti bu layihəni uğurla həyata keçirib. Həmçinin "Xəzər” Media Mərkəzinin təmsilçiləri də bu qruplarda iştirak edərək setrifikat alıblar. Yenə də ölkənin qabaqcıl təhsil şirkəti olan "Kaspi” Təhsil Şirkəti bu layihəni həyata keçirməyə başlayanda "Xəzər” Media Mərkəzinin rəhbərliyi layihəyə dəstək verməyə hazır olduğunu bildirdi. Bir media şirkəti olaraq bizim üçün bu layihəyə dəstək verməyin böyük əhəmiyyəti var. Çünki bu, təhsil yolunda atılan addımdır”.
KTŞ-nin baş direktor müavini Aydın Əliyev layihənin şərtlərindən danışaraq qeyd etdi ki, təlimdə iştirak etmək üçün 40 jurnalist seçilərək ingilis dili bilik səviyyəsinə görə 4 qrupa bölünəcək: "Tədris 6 ay ərzində davam edəcək və yekunda ingilis dili imtahanından uğurla keçən jurnalistlər sertifikat əldə edəcəklər”. Dekabr ayının əvvəlində jurnalistlərin ingilis dili bilik səviyyələrini yoxlamaq məqsədi ilə imtahan keçiriləcək: «Jurnalistlər kursa qatılmaq üçün minimum "elementary” səviyyəsində dil biliyinə malik olmalıdırlar.  

Nəticələr və təlimlərdə iştirak edəcək jurnalistlərin seçimi xüsusi təşkil olunan komissiya tərəfindən dəyərləndiriləcək. Komissiyanın tərkibi «Kaspi» Təhsil Şirkətinin rəhbərliyi, "Xəzər” Teleradio Yayım Şirkətinin nümayəndəsi, Mətbuat Şurasının nümayəndəsi, müstəqil ekspertlər və ictimai xadimlərin iştirakı ilə formalaşacaq. Dərslər yanvarın ayının əvvəlində başlayacaq və həftədə iki dəfə axşam və gündüz saatları olmaqla iyun ayının sonuna qədər davam edəcək”. A.Əliyev qeyd etdi ki, dərslərin başlama saatları və keçiriləcək günləri anket formasında əks olunacaq. Layihədə iştirak edənlər sonda sertifikat alacaqlar: "Ancaq iştirakçıların kursu müvəffəqiyyətlə bitirmələri ilə bağlı xüsusi tələblərimiz olacaq. Çünki 6 ay ərzində jurnalistlərin iki səviyyəni bitirmə imkanı olacaq.

Bu o deməkdir ki, bir səviyyədən digər səviyyəyə keçid imtahanı veriləcək. Həmin imtahanı uğurla verə bilməyənlər kursu dayandıracaq və onların yerinə gözləmə siyahısında olan jurnalistlər cəlb olunacaqlar.  Həmçinin dərslərə davamiyyət çox önəmlidir. Davamiyyəti yerində olmayan namizədlər kənarlaşdırıla bilər və onların yerinə gözləmə mövqeyində olan namizədlər dəvət ediləcəklər”.
Təlimdə iştirak etmək istəyən jurnalistlər öz tərcümeyi-halını, jurnalist vəsiqəsinin sürətini və ən maraqlı hesab etdiyi 3 yazısını və ya video süjeti (audio yazısını) [email protected] – email ünvanına göndərməlidirlər. Müraciətlər noyabrın 13-dən 30-dək qəbul olunacaq.









Redaktorun seçimi