YAP birinci qrup Qarabağ müharibəsi əlili üçün ev tikəcək

45 dəfə oxunub
YAP birinci qrup Qarabağ müharibəsi əlili üçün ev tikəcək
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək.
 
YAP-dan  verilən məlumata görə, YAP Yevlax rayonu, Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumunu nəzərə alaraq ona fərdi evin tikilməsini öz üzərinə götürüb.
 
Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılıb. Fərdi evin tikilməsi üçün müvafiq tapşırıqlar verilib.
 
Bildirilib ki, YAP öz fəaliyyətində müxtəlif tipli sosial layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
 
Qeyd edək ki, Həsənov Tahir Hüseyn oğlu 20.11.1968-ci ildən 02.01.1970-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında siravi əsgər kimi, 02.01.1970-ci ildən 15.06.1992-ci il tarixədək zabit kimi, 15.06.1992-ci ildən19.04.1999-cu il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
 
O, 1979-1981-ci illərdə keçmiş Sovet ordusu sıralarında zabit kimi Əfqanıstanda xidmət edib. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış və nəticədə sol əl barmaqlarını və sol ayağını itirib.
 
T.Həsənov 2000-ci ildən 2005-ci ilədək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətində Qarabağ əlilləri və Şəhid ailələrinin mənzil növbəliliyinə alınıb, 2005-ci ildə növbəliliyi Binəqədi rayonuna keçirilib. 2013-cü ildə isə sağlamlığının məhdudlaşması və ailə vəziyyəti ilə bağlı daimi qeydiyyat yeri olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində məskunlaşıb.
 
13.09.2013-cü il tarixində Yevlax Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş edib. Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınıb. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax Şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.
 
Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilib.



Redaktorun seçimi