Göyçayda XIV Nar festivalı keçirilib - FOTOLAR

108 dəfə oxunub
Göyçayda XIV Nar festivalı keçirilib - FOTOLAR

Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AzNar şirkətinin dəstəyi ilə XIV Nar festivalı keçirilib.

Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

Səhər saatlarında rayon rəhbərləri və qonaqlar bayramsayağı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsinin ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra festival iştirakçıları parkdakı bayraq meydanına gəlibkər. Burada onlar şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını maraqla izləyiblər. Gurultulu alqışlar altında eni 9, uzunluğu 18 metr olan üçrəngli bayrağımız 66 metr hündürlüyə ucaldılaraq dalğalandırılıb. Sonra qonaqlar bayraq muzeyinə gəliblər. Onlara nümayiş etdirilən Azərbaycanın müasir, orta əsrlər və qədim dövrlərinə dair bayraqları, milli döyüş geyimləri və digər eksponantlar barədə məlumat verilib.

Heydər Əliyev prospektinin başlanğıcında “Çinar” otelinin qarşısında Nar festivalının açılışı olub.

Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim ediblər. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və digər iştirakçıları salamlayıb, Göyçayda bu gün bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.

Sonra qonaqlar rayonun ayrı-ayrı icra nümayəndəliklərinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunub.

Tədbir çərçivəsində AzNar Qapalı Səhimdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar hotelinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər. AzNar şirkəti eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil edib. Qaliblərə pul mükafatı verilib. Birinci yer 3000 manat, ikinci yer 1000 manat, yarışda finala çıxan hər kəs isə 500 manata laiq görülüb.

Qeyd edək ki, Göyçayda nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığımızın bir nümunəsidir.

Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

Festival konsert proqramı ilə davam edib.

1
1
1
1
1
1
1
1
1



Redaktorun seçimi