Valideynlər ən çox oğlan övladının olmağını istəyir - Səbəbləri

Hit: 986
Valideynlər ən çox oğlan övladının olmağını istəyir - Səbəbləri

Əksər valideynlər uşaqları dünyaya gələrkən sağ-salamat doğulmağını istəyir. Qız, ya oğlan fərq eləməz, təki övladım sağlam olsun. Görəsən hamı belə fikirləşir? Qız , ya oğlan uşaqları arasında seçim hansı səviyyədədir? Bu suallara cavab verməmişdən öncə statistik göstəricilərə baxıb görək doğulan qız və oğlan uşaqlarının nisbətinə nəzər salaq. 

Faktor.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir, 2018-ci ildə doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşağı olub. Statistik göstəricilərə görə, orta hesabla hər 100 qıza 105 oğlan uşağı düşür. Bu dünyanın bir çox yerində belədir.

 Azərbaycanda isə 2016-2017-ci illərdə doğulanlar arasında hər 100 qıza düşən oğlan uşaqlarının nisbəti azalıb.

1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Ən yüksək göstərici həddi 118 olmaqla, 2003 və 2009-cu illərdə qeydə alınıb.

Statistik göstəricilər göstərir ki, 1998-2006-cı illərdə şəhər yerlərində doğulan oğlanların sayı daha çox olub. Həmin illərdə hər 100 qıza düşən oğlanların sayına görə şəhərlərin kənd yerlərini üstələməsinə baxmayaraq, 2006-cı ildən sonra kəndlər şəhərlərdən öndə olub.

2017-ci ilin 1 yanvar ayına olan vəziyyətə görə, 1-4 yaşlı əhalinin 46,5 faizi qadınlar, 53,5 faizi kişilər, 5–9 yaşlıların 46,2 faizi qadınlar, 53,8 faizi kişilər, 10–14 yaşlıların 46,7 faizi qadınlar, 53,3 faizi kişilər, 15–19 yaşlıların 47 faizi qadınlar, 53 faizi kişilər, 20–24 yaşlıların 48,2 faizi qadınlar, 51,8 faizi kişilərdir. 25 yaşdan sonra isə artıq qadınların sayı kişilərdən daha çoxdur.

Ölkədə 20-24 yaş qrupunadək kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsi oğlan uşaqlarının daha çox doğulması ilə izah olunur. Lakin kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına səbəb olur.

Statistik göstəricilər göstərdi ki, oğlan uşaqları daha çox doğulur.

Bəs görəsən valideynlər daha çox qız, ya oğlan övladlarının olmasını istəyir? Səbəbləri nədir? Qız və oğlan uşaqları arasındaki ən böyük fərqlər nələrdir?

Bununla bağlı sosial şəbəkədə sorğu keçirdik. Sorğunu sizlərə təqdim edirik:

Aslan Abbaszadə-Sosioloq, "Faktor Azərbaycan" MMC-nin təsisçisi

Qız və ya oğlan... qətiyyən fərq qoyulmamalıdır

"Bəs müasir insan bu məsələ ilə bağlı nə düşünməlidir? Qız və oğlan... qətiyyən fərq qoyulmamalıdır. Övlad övladdır. Onun necə övlad olması isə əksər hallarda səndən asılı olur. Biz övladlarımıza gələcəyə yönəlik təhsil verməli, mükəmməl karyera qurmasında yardımçı olmalıyıq. Normal vətəndaş yetişdirməli, onları praqmatik düşüncədə böyütməliyik. Biz millət olaraq heç vaxt qadına əziyyət etməmişik. Haqlarını dünya ölkələrinin çoxundan əvvəl tanımışıq. Biz qadınlara səsvermə hüququ verəndə əksər Avropa ölkələrində qadınları məhkəmdə belə şahid kimi qəbul etmirdilər. Bizim yaşı min illər əvvələ dayanan "Kitabi-Dədə Qorqud" dastanımızda da anaya, qıza - qadına sayğı göz önündədi. Zorla ərə vermək yox, döymək yox, ayrı-seçkilik yox. İndi niyə genimizin əleyhinə düşünməyə, iş görməyə çalışmalıyıq ki? Bizi qadın dünyaya gətirir, əvəzində onun dünyadan getməsinəmi çalışmalıyıq?"

Emil Maqalov- QHT sədri, narkomaniya üzrə ekspert

Oğlan uşağı arxa-dayaqdır

"Valideynlər ən çox oğlan övladlarının olmasını istəyirlər. Çünki, oğlan uşağı arxa-dayaqdı. Sabah evlənsə belə, ata-anasını atmayacaq, evlənib evə gəlin gətirəcək, valideynlərinə gəlin baxacaq. Amma qız uşağı arxa deyil, bir müddətdən sonra vaxtı çatanda evlənəcək və ata evindən köçəcək. Və belə olan halda da valideynə qalan oğlan övladı olur".

 

Xəyalə Mamedova - Redaktor.az saytının redaktoru

Doğru tərbiyə olunmuş qız, min oğuldan dəyərlidir

"Valideyn üçün övladının cinsindən çox sağlamlığı önəmlidir. Bu, əksər valideynlər üçün belədir, lakin istisnalar da var. Həmin istisna ailələrdə oğlan övladına verilən dəyər qız övladına veriləndən daha çoxdur. Məsələni maraqlı edən, soyadı heç “İt dəftəri”ndə olmayan kişilərin “möhtəşəm” nəslin davamçısı kimi həyat yoldaşlarından oğlan uşağı istəməsədir. XXI əsrdə yaşamağımıza baxmayaraq bu gün bəzi kişilər yenə də övladlarının oğlan, yaxud qız olmasının səbəbini özlərində deyil də, qadınlarda axtarır. Təəssüf... Mənim fikrimə gəlincə, əsas məsələ cinsindən asılı olmayaraq övladların doğru yetişdirilməsidir. Doğru tərbiyə görmüş qız övladı min oğuldan dəyərlidir".

Sevil Gültən- şairə, tərcüməçi

Qızımı min oğula dəyişmərəm

"Biz ailədə yeddi uşağıq. Beş bacı, iki qardaş. Yəni çoxuşaqlı ailədə böyümüşük. Böyük qızım doğulanda sevindim. Nədənsə qız uşaqlarını sevirəm.
Qızım Gültəni isə min oğula dəyişmərəm. Oğlan və qız müqayisəsini edə bilməyəcəm, çünki oğlan övladım yoxdu. İki qızım var. Amma oğlum olsaydı, dünyanın ən yaxşı qaynanası olardım. Hərdən qohumların gəlini ilə münasibətlərini görüb pis oluram. Məncə qaynana gəlinini öz qızı hesab etməlidir. Mənim anamla gəlnimiz arasında heç vaxt söz-söhbət olmayıb. Bu o demək deyil ki, gəlinimizin səhvi olmayıb. Bir dəfə qardaşım həyat yoldaşına əl qaldırmaq istədi, anam dedi ondansa məni vur".
 
Firuzə Firdevs

 









Redaktorun seçimi