Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin minimal invaziv cərrahlarının birinci konqresi keçirilib

Hit: 294
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin minimal invaziv cərrahlarının birinci konqresi keçirilib

Forumda Qazaxıstan, Azərbaycan, Rusiya və İrandan olan mütəxəssislərlə yanaşı, Fransa, Cənubi Koreya və bir sıra digər ölkələrdən gələn 50-yə yaxın mütəxəssis iştirak edib.

Tədbirdə minimal invaziv cərrahiyyədə, qalxanvari vəzin, mədəaltı vəzin, mədə-bağırsaq sisteminin cərrahi xəstəliklərində dünyada mövcud olan ən qabaqcıl texnika, ən müasir müalicə və diaqnostika metodları, onların effektivliyi, tətbiq sahələri haqqında məruzələr oxunub. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) uzman ümumi cərrahı İlqar İsmayılov bu forumda iştirak edən Azərbaycan təmsilçiləri sırasında olub.

Forumun gedişində 30-dan çox canlı əməliyyat aparılıb və onların icrası konfrans salonunda monitorda nümayiş olunub, müxtəlif yönümlü mütəxəssislər tərəfindən birgə müzakirə edilib. Dr. İlqar İsmayılov İtaliyadan, Fransadan, Rusiyadan gələn ekspertlərlə yanaşı, məruzələr edib, rəhbərlik etdikləri ustad dərsləri və müxtəlif məsələlərin müzakirəsində iştirak edib. Təqdimatda nəinki Azərbaycanda, o cümlədən regionda hazırda sadəcə RMDM-də tətbiq edilən düz bağırsaq törəmələrində ən müasir müalicə üsulları olan TAMIS və TaTME əməliyyatları barədə məlumat iştirakçıların böyük marağına səbəb olub. Məruzələr Azərbaycanın tibb sahəsində də regionun qabaqcıl ölkələrindən biri olması haqqında forum iştirakçılarında təəssürat yaradıb.

Forumun sonunda Qazaxıstan, Rusiya və Azərbaycanın minimal invaziv cərrahları tərəfindən Xəzəryanı ölkələrin Minimal-invaziv Cərrahlıq Cəmiyyəti yaradılması təşəbbüsü irəli sürülüb. Cəmiyyətin növbəti toplantısı 2020-ci ildə Mahaçqalada keçiriləcək. Xəzəryanı ölkələrin minimal invaziv cərrahiyyə sahəsindəki mütəxəssislərini birləşdirən belə bir cəmiyyətin rəsmən təsis olunmasının 2021-ci ildə Bakıda keçiriləcək növbəti konqresdə reallaşdırılması və mərkəzi ofisinin də məhz paytaxt Bakıda yaradılması qərara alınıb.

 









Redaktorun seçimi