Çin şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

37 dəfə oxunub
Çin şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfərinin mühüm əhəmiyyətini, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafını diqqətə çatdırıb. Şahin Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri, bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə görüşü və Forum çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və s. sahələrdə uğurlu əməkdaşlıq edir. Ölkəmizdə 119 Çin kapitallı şirkət fəaliyyət göstərir. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 mlrd. ABŞ dollarından çox olub. Qarşılıqlı investisiya əlaqələrimiz genişlənir. Çindən Azərbaycan iqtisadiyyatına  800 mln. ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 mlrd. dollar sərmayə yatırılıb.

Bununla belə, qarşılıqlı sərmayə qoyuluşları, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur və bu istiqamətlərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Hazırda Çində Azərbaycanın 2 şərab və 1 ticarət evi fəaliyyət göstərir. Çində Azərbaycanın daha 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, Çinə ixrac missiyaları təşkil olunur. Ötən il ölkəmiz Birinci Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib. Bu il təşkil olunacaq İkinci Çin Beynəlxalq İdxal Sərgisində də Azərbaycan şirkətlərinin iştirakı nəzərdə tutulur. Aparılan işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına imkan yaradır.

Sənaye sahəsində əlaqələrdən danışan nazir Şahin Mustafayev “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında bu gün imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.

“SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Luo Yan qeyd edib ki, Azərbaycandakı əlverişli investisiya mühiti və biznesə yüksək dövlət dəstəyi özəl sektorun inkişafına, investisiya qoyuluşuna geniş imkanlar açır.

Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Luo Yan “SINOMACH Group”un "FORTUNE QLOBAL 500" dünyanın ən böyük şirkətlərinin illik reytinqində 250-ci yerdə qərarlaşdığını, sənaye, xüsusilə maşınqayırma, kənd-təsərrüfatı və digər sahələrdə böyük təcrübəsinin Azərbaycanda tətbiq etməyə hazır olduğunu qeyd edib.

Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Aqrar-Sənaye Parkının yaradılması barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycanın "AS İnvestment" şirkəti və “China CAMC Engineering” şirkəti arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  



Redaktorun seçimi