Yol polisindən YPX əməkdaşlarına qarşı iddialara CAVAB

32 dəfə oxunub
Yol polisindən YPX əməkdaşlarına qarşı iddialara CAVAB

Bu sahədə də inkişaf mərhələli şəkildə, islahatlar yolu aparılır

Son günlər bəzi internet saytlarında yol-patrul xidməti əməkdaşlarının, DYP-nin stasionar postlarının, yol-patrul xidmət avtomobillərinin sayının çoxluğu ilə bağlı müzakirələr aparılır, şərhlər verilir. 

Bu qəbildən olan növbəti material Bakı-Sumqayıt yoluna həsr olunub və bu yolda 50-yə yaxın yol-patrul xidməti avtomobilinin, 100-dən çox DYP əməkdaşının xidmət aparması “əsaslandırılmış” şəkildə iddia edilir.

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həqiqəti əks etdirməyən, istinad edildiyi mənbənin etibarlığı və ciddiliyi sual altında olan bu məlumatı təkzib edir. Eyni zamanda, yayılan bu tip informasiyaları yollarda cəzasızlıq, xaos və özbaşınalıq mühitinin formalaşmasını xülya edən bir qrup insanın məsuliyyətsiz mövqeyinin təbliği kimi qiymətləndirir və bəzi məqamlara bir daha diqqət yetirməyi tövsiyə edir.

İlk növbədə xatırladaq ki, müstəqilliyimizi yenidən əldə etdiyimiz ilk illərdən başlayaraq ölkəmizdə nəqliyyat vasitələri sayının az qala 4 dəfə artması fonunda yol qəzalarında həyatını itirən insanlarımızın sayının təxminən 2 dəfə azalması məhz, yol-nəqliyyat hadisələrinin və onların qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərin effektli nəticəsidir. Bütün bunlar isə qabaqcadan düşünülmüş və davamlı olaraq aparılan kompleks tədbirlər, düzgün idarəçilik fəaliyyəti və yüzlərlə polis əməkdaşının gecəli-gündüzlü əməyi sayəsində ərsəyə gəlmişdir.

Lakin, bir məqamı qeyd etməyi lazım bilirik ki, yol-nəqliyyat hadisələrinin, bu qəzalarda ölüm və xəsarət hallarının qarşısının alınması üçün təkcə təşkilati-hüquqi tədbirlərin həyata keçirilməsi kifayət deyildir. Eyni zamanda, yol hərəkət iştirakçılarının özləri də təhlükəsizlikləri haqqında düşünməli, bu məsələlərə ciddi yanaşmaqla həyati vacibliyinə önəm verməli, ölkəmizdə yol hərəkəti mədəniyyətini daha da inkişaf etməsində maraqlı olmalıdırlar.

Heç şübhəsiz ki, bu gün milyonlarla vətəndaşımız məhs belə düşünür və yol hərəkət iştirakçısı qismində ildən ilə bu sahədə baş verən müsbət dəyişiklikləri görür və alqışlayır.

Amma nədənsə bu müsbət dinamika bir qurup insanın ürəyincə deyil və onlar müəyyən fasilələrlə yol-patrul xidmətinin, onun stasionar postlarının ləğvinə dair fikirlər yayır, öz məkirli arzularını manipulyasiya edərək zamanla ictimai şüura təlqin etməyə cəhdlər edirlər.

Niyə? Məqsəd aydındır. Lakin, bu yazıda şərhinə lüzum görmürük.

Bununla yanaşı, bu çaşqın fikirlərə hədəf seçilən vətəndaşlarımızı da yanlış informasiyanın əsiri olmalarına seyrçi mövqedən yanaşmaq və buna imkan vermək fikrində də deyilik.

Sual olunur: intizamlı sürücü, ümumiyyətlə, yol hərəkəti mədəniyyəti sərgiləyən istənilən yol hərəkət iştirakçısı ərazidə yol-patrul xidməti avtomobilinin, yol polisi əməkdaşının olmasından nəyə görə narahatlıq hissi keçirməlidir ?

Gündəlik həyatımızda dəfələrlə müşahidə etmişik ki, polis əməkdaşlarının, onlara məxsus avtomobillərin, xüsusi texniki vasitələrin mövcud olduğu yerlərdə adətən qanuna hörmət, sabitlik və əmin-amanlıq hökm sürür. Təsadüfi deyildir ki, belə metodların tətbiqinin səmərəli olması ictimai münasibətləri tənzimləyən qanun aktlarında da ehtiva olunur.

Unutmaq olmaz ki, dara düşən sürücü və hərəkət iştirakçıları yardım üçün məhz DYP postlarına müraciət edir və məhz orada onlara lazımli kömək göstərilir. Artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə BDYPİ-nin stasionar postlarında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb

Stasionar postlarda mütamadi olaraq onlarla axtarışda olan insanlar, qaçırılmış avtomobillər aşkar edilir. Qanunsuz silahların, narkotik vasitələrinin gəzdirilməsi, daşınması halları ilə yanaşı, respublikanın bölgələrindən paytaxta gətirilən və mənşəyi məlum olmayan qida məhsulları məhz həmin postlarda ifşa olunur.

Bu gün DYP xidmətinin təşkilində mühasir texnologiyaların tətbiqinə geniş yer ayrılır, hərəkətin təhlükəsizliyinin təşkili üçün xüsusi texniki vasitələrin tədbiqi yol nəqliyyat hadisələrinin azalmasına xidmət göstərir. Bu kimi faktlar çox sadalamaq olar. Lakin, bu sahədə də inkişaf mərhələli şəkildə, islahatlar yolu aparılır.

Daxili işlər orqanlarında, o cümlədən Dövlət Yol Polisi xidmətində ləyaqətlə xidmət edən hər bir əməkdaşının isə yalnız bir amalı var. Vətənə və dövlətə sədaqətlə xidmət etmək!



Redaktorun seçimi