Bakı səkilərinin pandus problemi: - Nişanlar nə dərəcədə realdır? - FOTOLAR

Hit: 935
Bakı səkilərinin pandus problemi: - Nişanlar nə dərəcədə realdır? - FOTOLAR

Son illərdə Bakı Nəqliyyat Agentliyi (BNA) səkilərin müyəssərliyinə xüsusi diqqət ayırır. Şəhərin bir çox nöqtəsində səkilərdə xüsusi əlil/uşaq arabası işarəsini görmək olur. Lakin bu işarələr nə qədər realdır?

Faktor.az-ın əlil arabası istifadəçisi əməkdaşı Bakının ən işlək yerlərindən olan Azadlıq Prospektində saxta əlil/uşaq arabası uyğunluğu nişanlarını aşkarlayıb. Azadlıq prospektində, 28 May metrostansiyasının ikinci çıxışı yaxınlığında səkidə xüsusi müyəssərlik işarəsi və ikonik sarı zolaq var. Səkinin sonunda da eyni işarə görünür. Buna baxmayaraq, səkinin özündə bir neçə əlavə pillə var. Bu pillələr əlil arabası və uşaq arabası istifadəçiləri üçün problem yaradır, onları təhlükəli şəkildə nəqliyyat yoluna çıxmağa məcbur edir.

“Panduslardan istifadə etməmişik.."

Şəhər sakinləri də bu barədə narazılıqlarını bildirirlər. Azyaşlı övladı olan Nərmin Heydərgil heç vaxt müyəssərlikdən istifadə etmədiklərini deyir.  Müyəssərliklər problemli, yaxud az olduğuna görə uşaq arabasına üstünlük verə bilmirlər: “Heç vaxt pandus istifadə etməmişik, qucağımızda qaldırmışıq. Ümumiyyətlə, çox bezib yoruluruq deyə qucağımızda aparırıq. Daha araba işlətmirik, halbuki, lazımdır”

Əlil arabası ilə hərəkət mümkün deyil

Adı çəkilən yerdə əlil arabası ilə səkidə getməyi sınadıq və əmin olduq ki, əlil arabası istifadəçisi kömək olmadan səkidə hərəkət edə bilməz. Halbuki, səkidə müyəssərlilik barəsində işarə mövcuddur. Bu zaman əlil arabası istifadəçisi hərəkətin sıx olduğu nəqliyyat yolu ilə hərəkət etməlidir. Bu da həyatı üçün təhlükə yaradır.

“Aşkarlanan problemlər BNA-ya göndərilməlidir”

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrəekspert Azər Allahverənovun da fikrini öyrəndik. O bildirdi ki, 2018-ci ildən yol kənarlarında dirəklərin və müyəssərliklərin qurulmasına başlanılıb:

  “Bir neçə il bundan qabaq nə dirəklər vardı, nə panduslar vardı. İndi biz əksər küçələrdə bu kimi atributların olduğuna şahid ola bilərik. Amma bəzi hallarda, monitorinq keçirdikdə, müşahidələr apardıqda görürük ki, bu hər yerdə belə deyil. Bilirəm ki, BNA bu barədə işlər aparır və müəyyən qrafiklə, bəzi yollardakı səki problemləri öz həllini tapacaq. Olsun ki, bir az zamana ehtiyac var” Mütəxəssis bildirir ki, bu kimi hallar aşkarlandıqda fotoşəklini çəkib, BNA-ya göndərmək lazımdır. Onlar da vaxtaşırı monitorinqlərində aşkarladıqları səhvləri BNA-ya göndərirlər”.

Ekspert səki ilə hərəkət edə bilməməməyin təhlükəli olduğuna da toxundu:

“Səkinin üzərində piyadaların mobilliyi təmin olunmursa, problemdir. Səki ilə hərəkət edə bilməyən araba istifadəçisi məcburdur yolla hərəkət etsin. Yolla hərəkət zamanı piyada nəqliyyat vasitələrinin axının təsiri altına düşə bilər. Bu isə ona əlavə təhlükələr yarada bilər”.

“BNA bu siqnalı qəbul etməli...”

Mütəxəssis, problemin həllində BNA-nın diqqətinin vacib olduğunu da vurğulayıb: “Ehtimal verirəm ki, Azadlıq prospektində aparılan pilot layihələrə görə, bu problemlər yaşana bilər və gələcəkdə aradan qaldırılacaq. Dəqiq bilmirəm. Lakin istənilən halda, BNA, bu siqnalı qəbul edib, səkilərlə piyadaların mobilliyinin təmini üçün addımlar atmalıdır. Harada mümkünsə, orada təcili, təxirəsalmaz işləri görməli və araba istifadəçilərinin maneəsiz hərəkətini təmin edən pandusları qurmalıdır. Ola bilsin ki, bu müəyyən müddətə nəzərə tutulub. Lakin piyadaların səkilərdə mobilliyi təmin olunmalıdır.”

Rəsmilərin mövqeyi: Cavabsız zənglər, asılan dəstək...

Məsələ ilə bağlı BNA ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, zəngimiz cavabsız qaldı. Azadlıq prospektinin daxil olduğu Nəsimi Rayon İcra hakimiyyəti də zənglərimizə cavab vermədi. Bakı Şəhər İcra hakimiyyəti isə bir neçə çağırışdan sonra dəstəyi qaldırıb, kənara qoymaqla kifayətləndi. Bu hal bir neçə dəfə təkrarlandı.  Hər üç tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

  Cəmilə Məmmədli

 

1
1
1








Redaktorun seçimi