Yol polisi Bakıda “xeyirxah taksi”lərə qarşı mübarizəyə başlayır - AÇIQLAMA

Hit: 263
Yol polisi Bakıda “xeyirxah taksi”lərə qarşı mübarizəyə başlayır - AÇIQLAMA

Paytaxtda “manatlıq taksi”lərin sayı sürətlə artır.

Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. 

Bununla bağlı Bakucity.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:

“Sürücü “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görsənir, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Araşdırmalardan da məlum olur ki, bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”. 

Vaqif Əsədov qeyd edib ki, BŞBDYPİ və Dövlət Avtomobil Nəqliyyat Xİdməti (DANX) bu məsələ ilə bağlı tədbirlər görəcək:

“Sərnişindaşımanı yüksək səviyyədə təşkil etmək, nizam-intizam yaratmaq, vətəndaşların getdikləri istiqamətlərdə sağ-salamat və vaxtında ünvana çatdırılması məqsədi ilə DANX əməkdaşları ilə birgə BŞBDYPİ-nin əməkdaşları daimi xidmət aparıb. Bunun üçün Yol Polisi öz növbəsində təhlükəsizliyi təmin edir, DANX isə sərnişindaşıma işini səmərəli şəkildə təşkil edir. Bu birgə əməkdaşlıq şəraitində baş tutur. Sözsüz ki, bütövlükdə təhlükəsizliyi təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə həm Dövlət Yol Polisi, həm də aidiyyəti qurum bundan sonra da birgə fəaliyyət göstərərcək. 

Yəni, bu məsələ tərəfimizdən araşdırılacaq və adı çəkilən sürücülərin hərəkətinə nəzarət çox ciddi şəkildə həyata keçiriləcək. Hesab edirik ki, belə sürücülər də bizdən inciməməlidir və təkcə özlərinin yox, başqalarını da düşünməlidir. Burada ilk növbədə qanunvericiliyin tələblərinə hörmətlə yanaşılmalıdır, və sürücülər öz təhlükəsizliyi ilə yanaşı digər hərəkət iştirakçılarının təhlükəsizliyinin də qayğısına qalmalıdırlar. Eləcə də qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı DYP tərəfindən tələb edilənlərə də incimədən, narazıçılıq və narahatlıq yaradılmadan yerinə yetirilməlidir. Bu həm də bir insanlıq, insani keyfiyyətdir və ən azından hər bir vətəndaşın öz vicdanı qarşısında hesabat verməsidir. 

Mən “çörək pulu” qazanmaq üçün vətəndaşları bir manata “xeyirxah xidmət” göstərirəmsə, bu, alqışa layiqdir, amma bunu qanun çərçivəsində, başqa hərəkət iştirakçılarına mane olmamaq şərti ilə etməliyəm. Hesab edirəm ki, yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz”, -deyə Vaqif Əsədov yekunlaşdırıb.









Redaktorun seçimi