ŞƏKİLƏ TAPINAN TOPLUMUN BÜTPƏRƏSTLİYİ

Hit: 348
ŞƏKİLƏ TAPINAN TOPLUMUN BÜTPƏRƏSTLİYİ

Ey dili qafil fil faili məchul fani f...

Derlər, biz azərbaycanlılardan çox surətpərəst, şəkilpərəst heç bir toplumu görməmişəm. Biz azərbaycanlılar insana qabliyyətinə, bacarığına, mənəviyyatına, əməlinə görə deyil, boy-buxununa, sir-sifətinə, rənginə, ənlik-kirşanına, üst-başına, boğazdan yuxarı qırıldatdığı şüarlara, boş vədlərə  görə qiymət veririk..

Oysa bir zamanlar bu millət təfəkküründə “hər gördüyünü bir Xızır bil”  anlayışı onun  yaşamından xəbər verdiyi halda, indi “hər gördüyün geyimli-keçimli, “bazburtlu” deyilsə, onunla kəlmə kəsmə” təfəkkürü milli mənəvi ərazilərimizdə “nə qədər məsafələr” qət etdiyimizdən xəbər verir.  

Derlər, adamlar var, onlara yaxın düşmək mümkün deyil. Uzaq başı bir məktəb direktoru, ferma müdri, bələdiyyə başqanı, sıravi polis, hansısa idarənin süpürgəçisidir. Nə vaxtsa rəhmətlik prezident Heydər Əliyevlə düşərinə necə olubsa, şəkil çəkdirib. İndi qardaş, sən bu adamlara yaxın düş görüm, necə düşürsən, adamın anasından əmdiyi südü burnundan tökərlər.

Bu günlərdə təsadüfən ucqar bir rayonun ucqar bir kənd məktəbinin direktoru ilə söhbət əsnasında sözümüz çəp gəldiyində o qoltuq cibindən millət vəkili, H. Əliyev fondunun prezidenti sayın Mehriban xanım  Əliyevayla məktəb kollektivi ilə birgə çəkilmiş, bu şəxsin də orada yer aldığı bir rəsmi göstərib mənim başıma istəsə hər türlü oyun açacağını söyləmək istədi. Mən o adama başa sala bilmədim ki, biz şəxsi zəmində söhbət edirik. Bu şəkillərin bizim söhbətimizə aidiyyatı yoxdur. Ağlı başında olan, oxuma-yazmağı ən azından bilən bu adam  isə israrla bu şəklin nə demək olduğunu mənə anlatmaq  istəyirdi.

Rəhmətlik H.Əliyevlə bir yerdə nə vaxtsa təsadüfən şəkil çəkdirmiş bir jurnalistin isə, o şəkil vasitəsi ilə özünə ev, torpaq, maşın aldığını, iş qurduğunu xatırladıqca, ümumiyyətlə, bu hərəkətlərin bizim üçün nə anlam daşıdığını bilmək istəyirəm.

Birincisi, mən şəkil çəkdirməyin əleyhinə deyiləm. Özəlliklə dövlət rəhbərlərinin sadə insanlarla, sıravi vətəndaşla çəkdirdiyi şəkillər, sizləri bilmirəm, mənə sonsuz ləzzət verir, həzz yaşadır. Amma bizlə olmur, vallah olmur. Bir dəfə Bakıxanovda bir taksi sürücüsünün polisi rəhmətlik prezident H.Əliyevin rəsmiylə necə qorxutduğunu, onun rəsmini özüylə gəzdirdirməsiylə necə cinayətini yumasının şahidi olmuşdum. Axı bu rəsimlər nə üçün bu duruma salınmalıdır.

Yadıma bir zamanlar kənddə eşitdiyim bir qadının ərinin onu boşayıb-boşamayacağını əminliklə bilməsi üçün qonşu kənddə “fəaliyyət göstərən” bir molla-falçının yanına getməsi hadisəsi düşdü.  Bax, elə bu qədər. Bizim adamlarımızın rəsmilərin rəsmi ilə elə davranması cəmiyyətin, onun təfəkkür tərzinin hələ də  cadı-piti, falçılıq kimi axmaq  bir yaşam tərzinə, şüuruna sahib olmağından xəbər verir.

Bilirsinizmi, vətəndaş özünü qanunlarla deyil, şəkillərlə - bir anlıq dondurulmuş güvənc qazanmış surətin imkanıyla müdafiə etmək istəyir. Əslində belə çıxır ki, vətəndaş bu şəkildə qorunmağa, sığortalanmağa meyillidirsə, bu əməlini üstün tutursa, onun istənilən çətin anında, vəziyyətində rəhmətlik H. Əliyev gərək yanında ola. Demək o düşdüyü  istənilən çətin durumunda həm də dövlətin başçısını yanında görmək istəməsindən, (təəssüf ki dövləti deyil) amma bu istəyinin içində saxtalığını gizlədərək bir tərəfdən də müdafiəsini reallaşdırarkən qorxusunu da göz ardı etməməsindən xəbər verir. Dövlət başçısının  isə  istənilən vətəndaşının, istənilən  zor durumunda  yanında ola bilmək imkanı mümkün olmadığından, bu yerdə qanun dövrəyə girər. Bu stuasiyada qanun vətəndaşı qurtarmaq yerinə, onun düşüncəsini təlqinlərindən doğan hərəkətlərinə adekvat cavab verdiyində, vətəndaş səhc deyil, artıq cinayətkardı. Çünki  söylədiyimiz kimi, rəsimlərdən vətəndaşın bu şəkildə yararlanma hərisliyi  məntiqcə yanlış olduğundan, onu komik rola saldığından, bu yerdə qanunlar vətəndaşı  həm işlədiyi failə görə, həm də girdiyi rola görə cəmiyyəti, insanları, ən azından içində bulunduğu  situasiyanı çaşdırdığı, qarışdırdığı üçün iki qat cinayətkarlığını göstərir.

Derlər, insan elə bir cəmiyyətdə yaşamalıdır ki, nəinki heç bir rəsimdən, hətta heç kimin rəsmindən mədət umub, kömək gözləməməlidir. Bu isə insanın canlıya deyil, o insanın  cansız bir halına, durumuna, anına müraciət etmə şüuru, məcburiyyəti  yer üzündə indiyə qədər formalaşmış bəşər  mədəniyyətinə sanki bir növ etirazından da işartı vermirmi? İslam dini həm də bu məqama görə rəsmi yasaqlayır.

Xanəmir Telmanoğlu

 

 

 

 

 

 

 









Redaktorun seçimi