İslam Universitetləri Assosiasiyası ölkəmizin ali məktəbləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

163 dəfə oxunub
İslam Universitetləri Assosiasiyası ölkəmizin ali məktəbləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Nümayəndələr Palatasının Din və Vəqf İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İslam Universitetləri Assosiasiyasının baş katibi professor Üsəmə əl-Abd ilə görüşüb.

Faktor.az xəbər verir ki, görüşdə Azərbaycanla Misir arasında bütün sahələrdə əlaqələrin inkişafından söhbət açılıb, son vaxtlar Azərbaycana gələn misirli turistlərin sayının artması bu inkişafın bariz nümunəsi kimi vurğulanıb.

Professor Üsəmə deyib: “Mən Azərbaycanla Misir arasında əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”. O diqqətə çatdırıb ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrində təhsil ocaqlarını əlaqələndirmək, onlar arasında münasibət qurmağa kömək göstərmək, müvafiq tədbirlər həyata keçirməkdir.

Qeyd edək ki, bu assosiasiya 1969-cu ildə təsis olunub və baş ofisi Qahirədə yerləşir. Hazırda bu quruma 200 universitet daxildir. Assosiasiya dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.



Redaktorun seçimi