Polis əməkdaşı Qarabağ müharibəsi əlilinin həyatını xilas edib

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan DİN rəhbərliyinə ünvanlanan çoxsaylı təşəkkür məktubları daxil olur. Bu məktublarda vətəndaşların polis əməkdaşları haqqında sərgilədiyi fikirlər bir daha onu sübut edir ki, vətəndaş-polis münasibətləri yüksək səviyyədə təşkil olunur və vətəndaş məmnunluğu ən önəmli faktordur.
Ağdam rayon sakini, I qrup Qarabağ əlili Rəhman Cəfərov öz məktubunda cəbhə bölgəsində xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin fəaliyyətini yüksək qiymətləndirir. Ağdam RPŞ-nin əməkdaşı, polis nəfəri Taleh Məmmədovun nümunəvi xidmət göstərdiyinə görə ona öz minnətdarlığını bildirir. R. Cəfərov məktubunda qeyd edir:
“Polis əməkdaşı Taleh Məmmədov asayişi qorumaqla yanaşı rayon ərazisindəki avtomobil yollarında yolu keçmək istəyən uşaqlara, yaşlılara və əlillərə yardımını əsirgəmir. Bu halların dəfələrlə təkrarlandığını gördüyüm üçün onun bu addımını təqdirə layiq hesab edirəm. Avtomobillərin intensiv hərəkətdə olduğu yolda səkidən səkiyə keçmək həm uşaqlar, həm yaşlılar üçün çox çətindir. Mən də yolu keçməkdə çətinlik çəkirdim. T. Məmmədov vaxtında kömək etməsəydi hər hansı bir bədbəxt hadisə baş verə bilərdi. O, demək olar ki, hər gün mənim kimi insanların həyatını xilas edir.”


