ŞİRVAN POLİSİNDƏN NÜMUNƏVİ ADDIM

Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid və aztəminatlı ailələrin qayğıları daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Daxili işlər orqanlarının əməkdaşları da onlara kömək kimi nəcib təşəbbüsdən kənarda qalmırlar.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, qarşıdan gələn yeni tədris ili ərəfəsində Şirvan Şəhər Polis Şöbəsində övladları birinci sinifə gedəcək şəhid və aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilib. ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev görüş zamanı dövlətimizin bu ailələrə göstərdiyi diqqət və qayğını vurğulayaraq, 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis edilməsi, dövlətimizin şəhid ailələrinə daim hörmət və ehtiramla yanaşması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün görülən işlərdən danışıb.
Daha sonra polis polkovniki H.Quliyev qarşıdan gələn 15 sentyabr-Bilik Günü münasibətiylə məktəbə gedəcək şəhid və aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib və onlara yaxşı təhsil almağı, idmanla məşğul olmağı, sağlam olmağı, yaxşı mütəxəssis, layiqli vətəndaş kimi böyümələrini arzu edib.


