Uşaqpulu ilə bağlı VACİB XƏBƏR - Bu ailələrə...

607 dəfə oxunub
Uşaqpulu ilə bağlı VACİB XƏBƏR - Bu ailələrə...

Azərbaycanda kimin varlı, kimin kasıb olduğunu müəyyənləşdirmək üçün gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var.

Redaktor.az bildirir ki, iqtisadçı alim Vüqar Bayramov uşaqpulu ilə bağlı müzakirələrə münasibət bildirib.

V. Bayramov bildirib ki, CESD Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaqpulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar var. Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. CESD isə bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün, İtaliya modelinin tətbiqinin Azərbaycanda daha əlverişli olduğunu məqəsədəuyğun hesab edir. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlir səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaqpulunun məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu üçün gəliri az olan ailələrin uşaqların sayına görə uşaqpulu alması daha məqsədəuyğun hesab oluna bilər”.

V. Bayramov vurğulayıb ki, Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var:

“Kimin varlı, kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla, hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaqpuluna ehtiyacı olan ailələrin müəyyənləşdirməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. Bu baxımdan, uşaqpulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaqpulundan faydalanmasına imkan verəcək”.

İqtisadçı hesab edir ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir:

“CESD-nin ilkin qiymətləndirilmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu, büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.



Redaktorun seçimi