Boşanmaq mədəniyyəti - Bitdi, uşağı bir də görməyəcəksən

Hit: 634
Boşanmaq mədəniyyəti - Bitdi, uşağı bir də görməyəcəksən

Boşandıqdan sonra uşaqların ata ilə görüşməsinə maneçilik törədilməsi problemi ölkəmizdə boşanan ailələrin 98-99 faizində mövcuddur. Bunun təbii ki, müxtəlif səbəbləri var. Ən vacib səbəb gənclərin, xüsusilə də, qadınların keçmiş həyat yoldaşına aqressiya ilə yanaşmasıdır. Qadınlar çox zaman uşaqlardan boşandığı həyat yoldaşına qarşı silah kimi istifadə edir. Bu, günümüzün acı həqiqətidir.

Bu davranış isə çox zaman acı sonluqla nəticələnir.

Boşanma zamanı uşaq kimlə qalmalıdır? Uşaq anaya verilirsə, ata uşağı necə görə bilər? Bu hüquqi baxımdan necə tənzimlənir?

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. F. Həmidli həmçinin əlavə edib ki, BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz: "Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. nəzərdə tutulur".

Hüquqşünas qeyd edir ki, ancaq məhkəmələrdə hər bir işə fərdi baxılır. Yəni boşanma zamanı uşağın kiminlə qalması məhkəmə prosesi zamanı müəyyənləşdirilir. Uşaq azyaşlıdırsa və ananın saxlama qabiliyyəti varsa çox zaman uşaqlar anada qalır: "Bəzən isə valideynlər qarşılıqlı anlaşma ilə ayrılır. Məsələn, ailədə iki uşaq varsa biri anaya, digəri ataya verilir. Bəzən isə ananın vəziyyəti nəzərə alınaraq uşaqlar ataya verilir".

F. Həmidli əlavə edib ki, uşaq ana ilə qalıbsa, məhkəmə qərarı ilə həftənin müəyyən günləri uşaq atası ilə görüşdürülür. Bəzən isə həftə sonları uşaqlar atada qalır. Bu da qarşılıqlı anlaşma ilə reallaşdırılır.

"Həqiqətən də acınacaqlı vəziyyətdir ki, bəzən ana uşağı atası ilə görüşməyə qoymur. Bu isə kişiləri aqressivləşdirir. Burada qanun pozuntusuna yol verilir. Amma reallıq budur ki, bəzən qadınlar uşaqları ataları ilə görüşdürmür və eyni zamanda aliment tələb edir. Bu isə çox zaman faciəvi hadisələrlə nəticələnir" - deyə hüquqşünas əlavə edib.

Hüquqşünas bildirib ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır.

F. Həmidlinin sözlərinə görə, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün həlledici əsas ola bilməz.

 

Eyni zamanda uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır: "Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır".

Hüquqşünas qeyd edir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən "10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır" ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Belə ki, məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

Sosioloq Əhməd Mansurov isə bildirib ki, boşandıqdan sonra ananın uşağı ata ilə görüşdürməməsi problemi Azərbaycan ailəsinin ən böyük problemlərindəndir. Belə ki, qadınlar boşandıqdan sonra keçmiş həyat yoldaşlarından acıq çıxmaq üçün onun övladı ilə görüşməsinə məhdudiyyət qoyurlar: "Maraqlısı odur ki, qadın boşandıqdan sonra aliment tələb edir, amma uşağı atası ilə görüşdürmür. Bu isə kişidə aqressiya yaradır. Qadınlar atdıqları addımın sonrasını düşünmürlər. Uşağın ata ilə görüşdürülməməsi həm də, uşağın psixikasına zərər vurur".

Sosioloq hesab edir ki, nə qədər acınacaqlı olsa da, Azərbaycanda hələ də boşanma mədəniyyəti inkişaf etməyib. Fərdlər boşanarkən, dost kimi qalmağı bacarmır, düşmənə çevrilirlər. Bu da nəticə etibarilə cinayətlərin törədilməsində böyük rol oynayır.

"Yaxşı olardı ki, boşanma prosesi zamanı hər iki tərəf qarşılıqlı razılığa gəlsin. Bu uşağın sonrakı inkişafı üçün də vacibdir. Düşmən kimi ayrılmaq təkcə tərəfləri deyil, uşağı da məhv edir" - deyə o, bildirib.









Redaktorun seçimi