"Bizə 36 manat sutkalıq yazırdı, sonra o rəqəmi 536 edirdi..." - Əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR

Hit: 520
"Bizə 36 manat sutkalıq yazırdı, sonra o rəqəmi 536 edirdi..." - Əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR

İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyoru, əməkdar artist Vaqif Kərimov "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Vaqif müəllim, İrəvan Dövlət Azərbaycan Dram Teatrından son illərdə təxminən iyirmiyə yaxın aktyor-aktrisa uzaqlaşdırılıb ki, onlardan biri də sizsiniz. Sizin işdən çıxarılmaq səbəbiniz nə oldu?

- Altmış beş yaş məsələsiylə bağlı işdən çıxarılmışam. İşdən çıxarılanda isə altmış yeddi yaşım var idi. Lakin bütün bunlara baxmayaraq, repertuarın böyük hissəsi mənim çiynimdə idi, əksər tamaşalarda baş rollar oynamışam. Düzdür, dövlətin qanunu var və bununla razılaşmaq borcumuzdur. Ancaq direktor İftixar Piriyev kollektivdə məndən yaşca böyük, təcrübəcə çox kiçik olan aktyoru saxladı.

- Sizcə, İftixar Piriyevin bu qərarı şəxsi qərəzdir, yoxsa idarəçiliyi yaxşı bilmir?

- Təbii ki, şəxsi qərəzdir. Çünki mən onun dediyini etmirdim.

- Məsələn?

- O deyirdi ki, Əjdər Zeynalovu, Elçin Hacıyevi işdən çıxartmışam, niyə onları dəstəkləyirsən? Teatrın həmkarlar təşkilatının idarə heyətinin üzvü idim. İclaslarda yeganə insan idim ki, fikrimi azad şəkildə deyirdim, onların etdiyi haqsızlıqlara göz yummurdum. İkincisi, Əjdər Zeynalovla İftixar Piriyevin məhkəməsində çox kəskin çıxış etdim. Birinci instansiya məhkəmədə Əjdər Zeynalov məhkəməni uddu, apellyasiyada yəqin ki, hansısa yollarla İftixar Piriyev qalib gəldi. 

- Xalq artisti Vidadi Əliyev bir neçə gün öncə saytımıza müsahibəsində bildirmişdi ki, Mədəniyyət Nazirliyinin İftixar Piriyevə gücü çatmır. Sizcə, bir teatr direktoru mədəniyyət nazirindən daha böyük gücə sahib ola bilərmi?

- Bu məsələylə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyində olmuşam. Baş Prokurorluğa yazdığım məktub nazirliyin hüquq şöbəsinə yönləndirilmişdi. Nazirliyin hüquq şöbəsi də birtərəfli iş apardı. Dedilər ki, faktları düz göstərməmisiniz.

- Fakt deyərkən?

- Məsələn, qastrollarda bizə sutkalıq verilməlidir. Bizə cəmi doqquz manat pul verilirdi, halbuki həmin məbləğ bildiyimə görə əlli manatdan çoxdur. Biz o sənədlərə qol çəkirik, vəssalam. Tutaq ki, mən 36 manata imza atıram, sonra həmin rəqəmin qarşısına beş artırır və olur beş yüz otuz altı manat. İş burasındadır ki, imza da atmısan. Nazirlikdən dedilər ki, sən o şeyi sübut edə bilməzsən.

- Gerçəkdən belə bir fakt olubmu? Yəni, sübutunuz varmı?

- Bəli, sənəd var, şəklini çəkmişəm. 

 









Redaktorun seçimi