Yalnızlıq simfoniyası... - KÖŞƏ

Yalnızlıqlar fərqlidir. Məsələn, Tanrının yalnızlığı, səhradakı ağacın yalnızlığı, məzarın yanızlığı, bir də var ruhun sözlə ifadə oluna bilməyəcək yalnızlığı...Yalnızlıq qorxum vardı mənim. Utandığımdan kimsəyə söyləmədiyim yalnızlıq. Birdən eşidən olar, birdən lağa qoyarlar məni deyə, söyləmədim kimsəyə. Əslində, qorxduğum lağa qoyulmaq deyildi ki... Mən yalnız qoyulmaqdan qorxurdum. Eşidən olar və məndən həyatımdakı hər kəsi alar götürər.
Hansı şeytan səs apardısa, ilk qorxumu atamı itirdiyimdə yaşadım. Yalnızlıq lay divar kimi çökdü üzərimə və qulağıma pıçıldadı: “Qorxma , hələ bu harasıdı, sən kişisən, möhkəm ol” - dedi yalnızlığın o əsrarlı səsi. Gözlərimi silib, “həyata davam” dedim. Nə davammış amma. Mən bu yalnızlıq qorxumu gizlətdikcə bir az daha yalnız qaldım. Yalnızlıq əlini qolunu sallaya-sallaya evimin baş tərəfinə keçdi. Sonra izn belə almadan çayımı soyutdu, istəyib-istəmədiyimin fərqinə belə varmadan, yatağıma uzandı, həm də boylu boyunca. Pəncərələrimi bağlatdı mənə yalnızlıq. Mənim yaşadığım evlərin heç vaxt cüt açarı olmadı. Yeməklərin ilk loxması hər zaman ürəyimdə qaldı...
Acı dil, asi, qərib bir adam etdi məni yalnızlıq. Amma haqqına da girmək istəmirəm. Mənə yemək bişirməyi, ev silməyi paltar yumağı öyrətdi. Amma nədənsə onda “yekə kişisən, bu nə işlərdi görürsən?” demədi yalnızlıq. Bəzən sevgilim, bəzən anam… Gecələr dostum, ya da qardaşım oldu yalnızlıq. Sözünün üstündə durdu kişi kimi. “Hələ bu harasıdı?” dedi hər çöküşümdə. Mən də zamanla yalnızlığıma da onun vədlərinə də alışdım. İndi bu qarlı havada ağlıma “hələ bu harasıdılar” gəldi, gülümsədim və pəncərəmi sanki bir də açmayacağammış kimi möhkəmcə bağladım. Ayaqqabımı geyinə-geyinə “heç yerə tərpənmə, bir çay qoy, gəlirəm” deyib çıxdım. Bu qarın şərəfinə içilər, deyilmi YALNIZIQ…


