Göygöldə heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib

Hit: 197
Göygöldə heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib

Göygöl rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlim Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi Oqtay Həmidov tərəfindən təsərrüfat şəraitində aparılıb. 

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim Göygöl şəhər sakini Eşqin Məmməd oğlu Tanırverdiyevə məxsus 9 baş simmental cins iribuynuzlu heyvan saxlanılan təsərrüfatında baş tutub. Təlimdə iştirak edən 13 fermerə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən bəhs olunub. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanların qan-parazitar xəstəliklərinə yoluxması zamanı mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında ətraflı məlumatlar verilib. 

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib. 

Bundan başqa, təlimdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı müzakirələr aparılıb. 

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətinə toxunulub. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.









Redaktorun seçimi