Bakı metrosunda şəkil çəkdirmək niyə qadağandır? - SƏBƏBLƏR

112 dəfə oxunub
Bakı metrosunda şəkil çəkdirmək niyə qadağandır? - SƏBƏBLƏR

Uzun illərdir ki, Bakı metrosunda şəkil və ya video çəkdirmək qadağandır.

Bu qadağa isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və müəyyən narazılığa səbəb olur.

Redaktor.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bu məsələ ilə bağlı qadağanın doğru olmadığını və Sovet dövründən qalan bu qadağanın ləğvinə ehtiyac olduğunu bildirib:

"Bu qadağanın təhlükəsizliyin təminatı baxımından effekti qalmayıb. Hazırda Bakı metrosu adı ilə internetdə axtarış zamanı çoxsaylı video və fotolara çıxış əldə etmək mümkündür. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə, metroda foto və video çəkilişlərinin qarşısını almaq mümkün deyil. Metroda internetə çıxış varsa, həmin obyektin şəkilini ora daxil olmadan belə kənardan da çəkmək və orada izləmə aparmaq mümkündür”.

Məsələ ilə bağlı "Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə saytımıza açıqlamasında bildirib ki, məqsəd və kimliyindən asılı olmayaraq, hər bir sərnişin Metropoliten ərazisinə daxil olanda təhlükəsizlik qaydalarına riayət etməlidir:

"Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydaları mövcuddur. Bu qaydanın qadağalarla bağlı  5.20-ci maddəsinə əsasən, Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq olmaz. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə istənilən şəxs açıq və ya gizli şəkildə foto çəkilişlər etmək iqtidarındadır. Lakin Metropolitenlə bağlı sosial şəbəkələrdə axtarış zamanı çıxan şəkillər icazəli şəkillərdir.

Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından  məqsədəuyğun deyil.

Sərnişinin hüquqları və qadağalarla bağlı əsaslandırılmış maddələr mövcuddur. Məsələn, ekskalatorda foto çəkməyə başı qarışan sərnişin təhlükəsizliyə riayət etmir və istənilən an xəsarət ala bilər. Eyni zamanda stansiyada qatarın gəldiyi zaman foto və ya video çəkilişi apararsa, təhlükəli vəziyyət yaradır.

Eyni zamanda foto çəkiliş edən şəxs başqalarına da mane ola və rahatlığını poza bilər. Çünki Metropoliten ərazisində hərəkət bir istiqamət üzrə həyata keçirilmir. Bu baxımdan foto çəkilişlə bağlı nəzərdə tutulan qadağa həm də sərnişinin təhlükəsizlik təmin etmək məqsədi daşıyır. Qaydanı pozan sərnişinlərin cərimələnməsi ilə bağlı hazırda heç bir cərimə nəzərdə tutulmayıb. Lakin qaydanı pozan sərnişinlərə polis tərəfindən xəbərdarlıq edilir”.



Redaktorun seçimi