Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

43 dəfə oxunub
Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) zamanı baş tutacaq yarışların keçiriləcəyi 12 idman obyektində olub və onların Festivala hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Bunu Oxu.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, EYOF iştirakçıları üçün Atletlər kəndində istirahət və yarışlara hazırlıq məqsədi ilə bütün lazımi şərait yaradılıb:

 

“Atletlər kəndi qapılarını rəsmi olaraq iyulun 18-də idmançıların üzünə açıb. Bakıya ilk olaraq İspaniya nümayəndə heyəti gəlib. Paytaxta gələn əcnəbi idmançılar öz nömrələrində yerləşdirilir.

Ümumilikdə yeddi bina atletlərin xidmətindədir. Atletlər kəndində sutka boyu fəaliyyət göstərən kafe, əyləncə mərkəzi var. Avropa Festivalında 14-18 yaşlı gənclər yarışacaqlar. Təbii ki, onlar istirahət etmək istəyəcəklər”.  

S.Məmmədova qeyd edib ki, bəzi idmançıların valideynləri övladları ilə birlikdə Azərbaycana turist qismində gəlib. Nazirlik rəsmisi deyib ki, valideynlər Atletlər kəndində övladlarına baş çəkmək üçün ayrıca saatların ayrılması xahişi ilə yarışın təşkilatçılarına müraciət ediblər.

“Biz ilkin olaraq Avropa Festivalında 36 dövlətin nümayəndələrinin iştirak edəcəyini gözləyirdik. Lakin yarışların yaxınlaşması ilə Avropa Olimpiya Komitəsinə yeni müraciətlər daxil olub, nəticədə Bakıya Avropanın 47 ölkəsindən idmançı gəlib. Tərəfimizdən Avropanın bütün dövlətlərinə iştirak etmək üçün dəvət göndərilib”, - deyə S.Məmmədova əlavə edib.

Onun sözlərinə görə, atletlər idman obyektlərinə xüsusi nəqliyyatla çatdırılacaq:

“Bundan başqa, sabah saat 17:00-dan 01:00-dək metronun “28 May” və  “Elmlər Akademiyası” stansiyalarından  açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalına ödənişsiz avtobuslar hərəkət edəcək. Bileti olan və akkreditasiyadan keçmiş hər kəs həmin avtobuslardan istifadə edə bilər. Akkreditasiyadan keçənlər Avropa Festivalı çərçivəsində Bakıda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər”.

S.Məmmədova əlavə edib ki, azarkeşlər bütün idman obyektlərində yarışları ödəniş etmədən izləyə biləcəklər. 



Redaktorun seçimi