Gənclər Festivalının nəqliyyat əməliyyatlarının BNA icra edəcək

Hit: 576
Gənclər  Festivalının nəqliyyat əməliyyatlarının BNA icra edəcək

Bakıda keçirilən mötəbər idman oyunlarının və digər mərasimlərinin təşkilində əldə edilən uğurlu təcrübəyə söykənərək paytaxtımızın ev sahibliyi edəcəyi "XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. Məqsəd, nəzərdə tutulan nəqliyyat əməliyyatlarını daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir. Planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.

Məlumat üçün bildirək ki, 21-27 iyul tarixlərində Bakı şəhərində keçiriləcək  “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək.

Festivalın açılış (21.07.2019) və bağlanış (27.07.2019) mərasimləri zamanı daşımalar iki ekspres marşrut xətləri ilə həyata keçiriləcək.

Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspres xətləri üzrə 11500 sərnişinin daşınması  planlaşdırılır. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)   

Festivalın keçiriləcəyi  məkanlardan  12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq. Festivalla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına 100 nəfərdən artıq Agentliyin əməkdaşı cəlb olunacaq. Yarış və qeyri-yarış məkanlarına 11.07.2019-cu il tarixindən etibarən sınaq yürüşləri təşkil olunur ki, bu da sürücülərin hərəkət sxemləri, yarış və qeyri-yarış məkanları ilə tanışlıq xarakteri daşıyır.

Festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Belə ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcəkdir.

18-28 iyul tarixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70, H1 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcəkdir.

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik ediləcəkdir.

Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. Avtobusların müvafiq texniki müayinədən keçirilməsi təmin olunub. 

Daşımalarda iştirak edəcək 435 nəfər sürücü heyəti isə təlimlərə cəlb edilib. Qonaqların və yarış iştirakçılarının rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətlərindən istifadə etməsi üçün proses vahid məkandan həyata keçiriləcək. Bu məqsədlə yenidən qurulan “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi tezliklə EVENTOC-un istifadəsinə veriləcək. Qeyd olunan daşımalar Agentlik tərəfindən hazırlanan nəqliyyat planına uyğun icra olunacaq.

Artıq avtobuslar və sürücülər müvafiq olaraq yarış məkanları üzrə qruplaşdırılaraq hazır vəziyyətə gətirilib. Sürücülər marşrutların hərəkət istiqamətləri üzrə təlim məşqləri keçib.

Yarış və qeyri-yarış məkanlarına daşınma zamanı avtobusların rahat və təhlükəsiz şəkildə hərəkət etmələri üçün müəyyən olunan marşrutlara uyğun olaraq paytaxtın müəyyən küçə və prospektlərində sarı zolaqlar çəkilib.

Avtobusların depolanması üçün Bakı Nəqliyyat Agentliyinin avtobus deposu nəqliyyat əməliyyatları üçün hazır vəziyyətə gətirilərək EVENTOC-a təhvil verilib, həmçinin Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) işçiləri üçün DEPO ərazisində müvafiq şərait yaradılıb.









Redaktorun seçimi