Yay Təcrübə Proqramına seçilən tələbə-gənclərlə görüş keçirilib

Hit: 183
Yay Təcrübə Proqramına seçilən tələbə-gənclərlə görüş keçirilib

Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən elan edilən ödənişli Yay Təcrübə Proqramına seçilmiş tələbə və gənclərlə görüş keçirilib. 

Təcrübə proqramının iştirakçıları ilə görüşən DATŞ direktoru Leyla Məmmədova gənclərə Şirkətin strukturu və fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verib, Şirkətin gələcək fəaliyyətində gənclərin rolunun olmasından məmnunluğunu ifadə edib.

“Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyət istiqaməti yerli məhsulların daxili və xarici bazarda satışına dəstək göstərmək, ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir. Bu məqsədlə Şirkətimiz tərəfindən “Kənddən Şəhərə” sosial layihəsi, “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi, qadın fermerlərin kənd təsərrüfatında rolunu artırmağa istiqamətlənən AFAQ layihəsi həyata keçirilir. Bütün bu layihələrin məqsədi ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan insanlara dəstək göstərmək, son nəticədə onların sosial rifahının daha da artırılmasına nail olmaqdır. Biz eyni zamanda, gənclərin kənd təsərrüfatına marağının artırılması, onların gələcək karyeraların bizimlə birgə başlaması və təcrübə əldə etmələri üçün bu proqramı həyata keçiririk.”

Yay Təcrübə Proqramına seçilmiş gənclər özləri və bugünə qədərki fəaliyyətləri barədə məlumat verib, onlar üçün yaradılmış bu imkana görə təşəkkür ediblər.

Daha sonra, Təcrübə Proqramının iştirakçıları kiçik və orta fermer təsərrüfatı sahiblərinin və yerli qida istehsalçılarının məhsullarının satıldığı “Kənddən Şəhərə” satış mərkəzində olub, burada yaradılan şəraitlə tanış olublar. 

Məlumat üçün bildirək ki, Yay Təcrübə Proqramına seçilmiş namizədlər təcrübə müddətində Layihələrin idarə olunması, Satınalma və təchizatın təşkili, Maliyyə və mühasibatlıq, İnformasiya texnologiyaları, İctimaiyyətlə əlaqələr və marketinq sahələri üzrə müxtəlif şöbələrdə şirkətin fəaliyyətində iştirak edəcək, bilik və təcrübələrini artıracaqlar.

Yay Təcrübə Proqramının davamı olaraq yaxın günlərdə Maliyyə və mühasibatlıq, İnformasiya texnologiyaları, Keyfiyyətə nəzarət və Monitorinq, Loqistika və Anbar sahələri üzrə yeni bir elan veriləcək, təcrübəçi gənclərin sayı artırılacaq. Qeyd edilən sahələr üzrə tələbə və gənclər Şirkətin rəsmi saytı vasitəsilə müraciət edə və Proqrama qoşula bilərlər. 









Redaktorun seçimi