Qulu Novruzov - "Gömrük Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir missiyanı yerinə yetirir"

56 dəfə oxunub
Qulu Novruzov - "Gömrük Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir missiyanı yerinə yetirir"

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində 45 nəfər tələbə bitirib. Onlardan 23 tələbə “Hüquqşünaslıq” ixtisası üzrə, 22 tələbə “İqtisadiyyat” ixtisası üzrə təhsil alıblar. Akademiyanın rəisi Qulu Novruzovun sözlərinə görə, Akademiyanı bitirən 45 məzunun əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb. "Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir missiyanı yerinə yetirir" - deyə Akademiya rəisi qeyd edib.

Bu günlərdə keçirilən möhtəşəm "Məzun günü" mərasimində "Akademiya birincisi" olan "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən təltif edilib. Bununla yanaşı, "Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə" 5 məzun mükafatlandırılıb. Mükafatları "İqtisadiyyat" ixtisası üzrə Xəlil Bayramova Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ülkər İsmayılovaya Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Zeynal Ağazadəyə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, "Hüquqşünaslıq" ixtisası üzrə məzun Etibar Qarayevə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Murad Sırafilova ÜGT-nin Avropa regionu üzrə potensialın gücləndirilməsi ofisinin rəhbəri Eser Çengeli təqdim ediblər.

Akademiyanın 19 məzunu təhsilini magistratura səviyyəsində davam etdirəcək. İki nəfər Macarıstan, digərləri isə Azərbaycan ali təhsil müəssisələrinin, o cümlədən Gömrük Akademiyasının  magistraturasına daxil olublar. 2019/2020-ci tədris ili üçün Gömrük Akademiyasına magistratura səviyyəsinə qəbul olan ilk magistrantların içərisində Akademiyanın beş məzunu da var. Onlar təhsillərini doğma Akademiyada davam etdirəcəklər.



Redaktorun seçimi