Tələbələr üçün Yay Təcrübə Proqramı başlayıb

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti tələbə gənclərin kənd təsərrüfatı sahəsinə marağının artırılması, gənclər arasında işgüzarlığın təbliği məqsədilə ödənişli Yay Təcrübə Proqramına start verib.
İyul-avqust aylarını əhatə edəcək iki aylıq təcrübə proqramında iştirak haqqı qazanmış 7 tələbə Şirkətin müxtəlif şöbə və departamentlərində ixtisaslarına müvafiq təcrübə keçmək imkanı qazanıb.
Seçilmiş namizədlər təcrübə müddətində Layihələrin idarə olunması, Satınalma və təchizatın təşkili, Maliyyə və mühasibatlıq, İnformasiya texnologiyaları, İctimaiyyətlə əlaqələr və marketinq sahələri üzrə Şirkətin fəaliyyətində iştirak edəcək, bilik və təcrübələrini artıracaq.
Yay Təcrübə Proqramının koordinatoru Tərlan Mustafayev bildirib ki, təcrübə proqramı üçün namizədlərin seçim mərhələsində gözləniləndən çox, 1500-dən artıq müraciət qeydə alınıb.
“Müraciətçilər həddindən artıq çox idi. Fəaliyyətə başlamasının 1 ili yenicə tamamlanmış Şirkətimizə gənclər tərəfindən göstərilən maraq bizi çox sevindirir. Deyə bilərəm ki, namizədlərin iki mərhələli seçim prosesi çox gərgin keçdi. İlk mərhələdə namizədlərin rezyumelərinə Şirkətin müvafiq əməkdaşları tərəfindən baxıldı, uğurlu və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olundu. Müsahibə nəticəsində 6 istiqamət üzrə 7 təcrübəçi seçilib. Qarşıdakı iki ay müddətində onlar ali məktəbdə öyrəndikləri nəzəri biliklərini təcrübə ilə zənginləşdirəcəklər.”
Məlumat üçün bildirək ki, Yay Təcrübə Proqramının davamı olaraq yaxın günlərdə Maliyyə və mühasibatlıq, İnformasiya texnologiyaları, Keyfiyyətə nəzarət və Monitorinq, Loqistika və Anbar sahələri üzrə yeni bir elan veriləcək, təcrübəçi gənclərin sayı artırılacaq. Qeyd edilən sahələr üzrə tələbə və gənclər Şirkətin rəsmi saytı vasitəsilə müraciət edə və Proqrama qoşula bilərlər.


