Dövlət Gömrük Komitəsi ilə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi arasında əməkdaşlıq əlaqələri inkişaf edir

Hit: 435
Dövlət Gömrük Komitəsi ilə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi arasında əməkdaşlıq əlaqələri inkişaf edir
İyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Katibliyinin rəhbəri Mixail Kaşubski ilə görüşüb.
 
Görüşdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq əlaqələri, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğu və bu gün də həmin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
 
Səfər Mehdiyev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkilində də elmi əsaslara söykənən tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. İxtisaslı kadrların hazırlanması, gömrük işinin elmi əsaslarla tədrisi, beynəlxalq təcrübəyə bələd olan gömrükçülərin yetişdirilməsi istiqamətində Dövlət Gömrük Akademiyasının da səmərəli fəaliyyətindən bəhs edən Komitə sədri qısa zaman kəsiyində bu təhsil ocağının ölkəmizdə və beynəlxalq gömrük ailəsində nüfuz qazandığını diqqətə çatdırıb.
 
Komitə sədri qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bu məqsədlə Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və digər aidiyyəti qurumlarla davamlı və işgüzar əməkdaşlıq əlaqələri qurub. Azərbaycan paytaxtında ÜGT-nin üç regional strukturunun - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Kinoloji Mərkəzinin, eləcə də INCU-nun Regional Ofisinin fəaliyyət göstərməsi deyilənlərin real göstəricisidir.
 
Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən Səfər Mehdiyev, elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, beynəlxalq ticarətin və gömrük prosedurlarının daha da asanlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib. "Yaşıl dəhliz" buraxılış sistemi, blokçeyn texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verən Komitə sədri vurğulayıb ki, məqsəd vətəndaş məmur təmasını minimuma endirmək, şəffaf biznes mühitinin yaradılmasına nail olmaqdır.
 
Səmimi görüşə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski gömrük orqanlarındakı islahatlardan və əldə edilən nailiyyətlərdən məmnunluğunu ifadə edib.
 
INCU-nun Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mixail Kaşubski vurğulayıb ki, bu qurumun ilk regional ofisinin məhz Bakı şəhərində açılması da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir.








Redaktorun seçimi