DATŞ nümayəndə heyəti 8-ci beynəlxalq Xəzər Enerji Forumunda iştirak edib

Hit: 292
DATŞ nümayəndə heyəti 8-ci beynəlxalq Xəzər Enerji Forumunda iştirak edib

Forumun əsas müzakirə mövzusu iqtisadiyyat və enerji sahəsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı olub.

Forumun açılış mərasimində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili, Marneulinin meri Zaur Darqallı, həmçinin Gürcüstan Hökumətinin iqtisadi blokunu təmsil edən nazirlik və qurumların nümayəndələri çıxış ediblər.

“Caspian Energy Forum Tbilisi – 2019”da Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq və regional şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərləri, eləcə də Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti iştirak edib.

Plenar tematik sessiyalarda “Gürcüstanın investisiya mühiti” və “Gürcüstanda kənd təsərrüfatı və turizmin inkişafı” müzakirə olunub.

“Gürcüstanda kənd təsərrüfatı və turizmin inkişafı” plenar sessiyasında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova çıxış edib, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən Şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib.

Bildirib ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyət istiqaməti yerli fermer və qida istehsalçılarının məhsullarının daxili və xarici bazarda satışına dəstək göstərmək, ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir.

“Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə yüksək səviyyəli ikitərəfli əlaqələr mövcuddur. Ölkələrimiz arasında iqtisadi münasibətlər günü-gündən inkişaf edir. Dövlət Aqrar Ticarət Şirkəti olaraq biz də ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün çalışırıq. Bu baxımdan yerli kənd təsərrüfatı məhsullarının həm Gürcüstan bazarına, həm də tranzit ölkə kimi Gürcüstandan Avropa ölkələrinə ixracı bizim üçün əhəmiyyətlidir.” – deyə Leyla Məmmədova bildirib.

Məlumat üçün bildirək ki, bu günlərdə Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi ilə 51 ton soğan məhsulunun Gürcüstana ixracı həyata keçirilib.  

Forumda Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi "Kənddən Şəhərə" layihəsi çərçivəsində qablaşdırılmış məhsulların, eləcə də yerli istehsal məhsulların sərgisi və dequstasiyası da təşkil olunub.









Redaktorun seçimi