Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

52 dəfə oxunub
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib. 

Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasınınİqtisadiyyat naziri xanım Draqitsa Sekuliçdir.

İclasda S.Babayev iki ölkə arasında 11 il əvvəl qurulan əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Monteneqronun Azərbaycanda Diplomatik Nümayəndəliyinin (2019-cu ilin aprel) açılışının  bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və inkişafına təkan verəcəyini qeyd edib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normalarına və dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı Monteneqronun mövqeyini yüksək qiymətləndirir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20% -i işğal edilib və 1,2 mln. vətəndaşımız qaçqın və məcburi köçkün olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir. Bu məqsədə nail olmaq üçün Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz azad edilməlidir, bu ərazilərdə Azərbaycanın suverenliyi tamamilə bərpa olunmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

S.Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edən Azərbaycan bu gün eyni zamanda Avropanın müasir dəyərlərini və Şərqin zəngin ənənələrini özündə birləşdirən yeganə cəmiyyətə malikdir. Cəmiyyətimizin bu xüsusiyyətləri Xəzər dənizi regionunda, eləcə də Mərkəzi Asiya ölkələrində Avropa dəyərlərinin inkişafında vacib rol oynayır. Bu baxımdan Avropanın vacib və etibarlı tərəfdaşı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfəsini vermək üçün enerji ixracat marşrutlarını diversifikasiya edib. Azərbaycan və Monteneqro arasında əməkdaşlığa dair 17 sənəd imzalanıb, daha 5 layihə də hazırlanır. 

Sərmayə və ticarət sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərdə əhəmiyyətini vurğulayan, Azərbaycanın Monteneqro üzrə 45,04 milyon avro ilə üçüncü böyük investor olduğunu qeyd edən nazir investisiya qoyuluşları sahəsində görüləcək işləri də diqqətə çatdırıb. O, 2019-cu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin çox ciddi şəkildə artdığını, lakin bu dövriyyənin mövcud potensialı əks etdirmədiyini, bu sahədə mühüm addımlara, o cümlədən biznes mühitinin və iqtisadi maraqların qarşılıqlı araşdırılmasına ehtiyac olduğunu bildirib. S.Babayev hazırda keçirilən Azərbaycan-Monteneqro biznes forumunun biznes dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan layihələri diqqətə çatdırıb. Dövlət idarəetmə, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün işlərin davam etdirildiyini bildirib.  

Xanım D.Sekuliç ölkəsinin Azərbaycanla olan dost münasibətlərinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin geniş miqyas almasına səbəb olduğunu qeyd edib. O, bir çox sahələri əhatə edən əməkdaşlıq təcrübəsindən bəhs edərək, mövcud potensial müqabilində əməkdaşlığın genişlənməkdə davam edəcəyinə ümidvar olduğunu, bu istiqamətdə böyük perspektivlərə doğru məqsədyönlü işlərin aparıldığını bildirib. Xanım D.Sekuliç ilk iclasın müsbət nəticələrini, əməkdaşlıq müstəvisində birgə layihələri və bu sahədə gələcək prioritetləri qeyd edib, hazırda keçirilən icasın səmərəli nəticələrinin olacağına əminlik ifadə edib. 

İclasda ticarət, investisiya qoyuluşu, sənaye, enerji, nəqliyyat, kommunikasiya və İKT, əmək və sosial müdafiə, təhsil, kənd təsərrüfatı, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrdə  əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafına  dair müzakirələr aparılıb. 

S.Babayev və D.Sekuliç iclasın yekunlarına dair protokolu imzalayıblar.



Redaktorun seçimi