"Go Travel" sisteminin tətbiqinə dair üçtərəfli görüş keçirilib

Hit: 326
"Go Travel" sisteminin tətbiqinə dair üçtərəfli görüş keçirilib

İyunun 24-də Dövlət Gömrük Komitəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında "Hunter" layihəsi çərçivəsində Sərnişinlərə Dair İlkin Məlumat və Sərnişin Adlarının Qeydiyyatı üzrə "Go Travel" sisteminin tətbiqinə dair üçtərəfli görüş keçirilib.

 

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov Prezident İlham Əliyev tərəfindən şəffaflığın təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verərək bildirib ki, kadrların potensialının artırılması, gömrük – keçid məntəqələrinin modernləşdirilməsi, müasir gömrük nəzarəti metodlarının və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atılıb. İnformasiya texnologiyalarının geniş surətdə tətbiqi ilə reallaşdırılan islahatlar gömrük əməliyyatlarının kağızsız texnologiyalar əsasında tam elektronlaşdırılmış mühitdə həyata keçirilməsinə, sərnişinlərin, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtının minimuma endirilməsinə şərait yaradıb.

Komitə sədrinin müavini qeyd edib ki, beynəlxalq təcrübədə istifadə olunan məlumatların əvvəlcədən ötürülməsi prinsipi əsasında mallar və nəqliyyat vasitələri üzərində həyata keçirilən gömrük nəzarətinin səmərəliliyinin artırılması və cəmiyyət üçün potensial təhlükə ola biləcək halların vaxtında aşkarlanması, o cümlədən sadələşdirilmiş gömrük nəzarəti metodlarının tətbiqi sahəsində Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər aparılmaqdadır. Bu istiqamətdə milli qanunvericilik bazasının tənzimlənməsi ilə bağlı görülən işlər barədə məlumat verən Cavad Qasımov bildirib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinə istinadən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs nəqliyyat vasitəsinin heyəti və sərnişinləri barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir.

Eyni zamanda, "Mülki aviasiya haqqında" beynəlxalq konvensiyanın 9-cu əlavəsinin 9-cu fəslinin ("Sərnişinlərə dair məlumat mübadiləsi sistemi") 9.5-ci hissəsinə əsasən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) üzv ölkələri tərəfindən "Sərnişinlərə dair ilkin məlumat" (APİ-Advance Passenger İnformation) sisteminin tətbiqi məcburi xarakter daşıyır.

Bununla yanaşı, məlumatların əvvəlcədən ötürülməsi normaları Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən birgə hazırlanmış APİ Təlimatının, yenilənmiş redaksiyada Kioto Konvensiyasının "J" əlavəsinin, "Sərnişinlərə dair ilkin məlumat (APİ-Advance Passenger İnformation) və Sərnişin adlarının qeydiyyatı (PNR- Passenger Name Record) formasında məlumatların göndərilməsi"nə dair Ümumdünya Gömrük Təşkilatının tövsiyə sənədinin şərtləri ilə də müəyyən edilib.

Cavad Qasımov bildirib ki, əsas məqsəd müasir sistemlərin tətbiqi əsasında qeyd olunan məlumatların emalının avtomatlaşdırılmış qaydada həyata keçirilməsi və daha effektiv nəzarət sisteminin formalaşdırılmasından ibarətdir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Birləşmiş Millətlər Təşkilatı ilə ümumi sərhəd təhlükəsizliyinin təmin edilməsi və müasir sistemlərin tətbiqi üzrə sıx əməkdaşlıq edir. Bu məqsədlə cari ilin fevral ayının 19-da Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb.

"Hunter" layihəsi və imzalanmış bəyanatın müddəalarının icrası çərçivəsində "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sisteminin ölkəmizdə tətbiqi, o cümlədən gömrük prosedurlarının sadələşdirilməsi, və təcrübə mübadiləsinin bölüşdürülməsinin təmin edilməsi üçün Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Vyana da yerləşən ofisinə səfər edərək "GoTravel" sistemi ilə yaxından tanış olmuş və bu sistemin ölkəmizdə tətbiqi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinə təsdiq məktubu ünvanlamışdır.

Komitə sədrinin müavini bildirib ki, "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) üzrə "GoTravel" sisteminin tətbiqi məlumatların əvvəlcədən gömrük orqanlarına ötürülməsinin təmin edilməsi yolu ilə sərnişinlərin səmərəli idarəolunması və turizmin inkişafı sahəsində qabaqlayıcı tədbirlərin operativ qaydada yerinə yetirilməsinə imkan yaradacaq.

Həmçinin, Azərbaycanın strateji coğrafi mövqeyi gələcəkdə regional olaraq bir mərkəz kimi digər dövlətlər ilə bu sahədə qarşılıqlı sıx əməkdaşlığın və məlumat mübadiləsinin təmini əsasında daha effektiv sərhəd təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə və beynəlxalq və milli səviyyədə terrorizmin, insan qaçaqmalçılığının, çirkli pulların yuyulmasının, narkotik dövriyyəsinin və digər transmilli cinayətlərin qarşısının alınmasına şərait yaradacaq.

Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının "Hunter" layihəsinin meneceri Jane Voley Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib, səmərəli və işgüzar münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

BMT-nin Terrorla Mübarizə İdarəsinin Terrorizm Əleyhinə Səyahət Proqramının meneceri Jelle Postma təmsil etdiyi qurumun fəaliyyəti haqında məlumat verib, "Go Travel" layihəsinin əhəmiyyətindən, onun tətbiqi mexanizmlərindən danışıb. Layihənin reallaşdırılması istiqamətində atılacaq addımlardan bəhs edən Jelle Postma onun sərnişinlərin, yüklərin sürətli və təhlükəsiz hərəkətində mühüm rol oynayacağını vurğulayıb.

Görüş çərçivəsində qonaqlar Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzi ilə də tanış olublar.









Redaktorun seçimi