Əlisəfa Mehdiyev: “Sosial mediada informasiya təxribatına qarşı ciddi hazırlaşmaq gərəkdir" - MÜSAHİBƏ - FOTOLAR

Hit: 1990
Əlisəfa Mehdiyev: “Sosial mediada informasiya təxribatına qarşı ciddi hazırlaşmaq gərəkdir" - MÜSAHİBƏ - FOTOLAR

Bu gün sosial mediada milli mənafelərimizə basqı açıqca duyulmaqdadır. Hər yetən ağzına və ağlına gələni yazır, yayır, bəyənir. Milli kimlik şüurunun hələ yetərincə dayaqlanmadığı çağımızda bu dövrün çox ciddi fəsadları gələcək düzənimizə yaxşı heç nə vəd etmir. Ona görə də, “Konflikt Jurnalistikası Məktəbi”-nin rəhbəri, BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının doktorantı Əlisəfa müəllimlə söhbətləşəsi olduq. Düşünürük dəfələrlə deyilmiş bu fikirlər bir başqa çağırış kimi oxunacaq.

Faktor.az-ın müsahibi “Konflikt Jurnalistikası Məktəbi”-nin qurucusu və rəhbəri, ekstremal jurnalistika mütəxəssisi Əlisəfa Mehdiyevdir.

-Əlisəfa müəllim, vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi nədir?

– Sıradan vətəndaşın dövlət sirri olan məlumatlar üzrə heç bir öhdəliyi yoxdur. Sən axı sirr deyirsən? Bu sirrdirsə, dövlət sirridirsə,vətəndaş bunu necə bilə və bu barədə üzərinə necə öhdəlik ala bilər? Dövlət sirri ilə işləyən məmurların, yaxud hansısa səbəbdən dövlət sirrini bilmiş vətəndaşın yazılı öhdəlikləri olur.

"Dövlət sirri haqqında qanun"-da oxuyuruq: “Qanun Azərbaycan Respublikasının təhlükəsizli­yini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizli­yinə ziyan vura bilən məlumatlardır.”

Məsələn, aşağıda sadalayacağım bəndlərə əsasən sırf məmurlar dövlət sirrinə cavabdehdirlər:

  • dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;
  •  
  • siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatlan haqqında, pul əskinaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında;
  • Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;
  • Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə;
  • kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
  • kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;
  • dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
  • şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;
  • məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;
  • dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;
  • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;
  • Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;
  • dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.

Bu sirrlərə girişin, onları cavabdeh məmurdan almanın səbəbləri qanunda geniş yazılıb.

O ki qaldı hərbi sirr, bu çox ciddi dövlət sirri sayılır. Amma, o biri bəndlərdən fərqli olan budur ki, hərbi texnikanın daşınması, yerləşdirilməsi xeyli dərəcədə görünəndir. Bu prosesdə tərxis olunmuş peşəkar hərbcilər, onlardan dolayı adi vətəndaşlar nə qədərsə hərbi sirri anlaya, əldə edə bilərlər. Buna bir çox səbəb ola bilər.

Bu bəndlərə diqqət yetirək.

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
  • silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkan­ları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;
  • milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;
  • qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;
  • Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında;
  • Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin dövlət material ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında;
  • Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədilə onun infrastrukturundan istifadə olunması haqqında;
  • mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;
  • dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında.

Bu maddələrdən göründüyü kimi hərbçilər hərbi sirri nə qədər qorusalar da, açıq qalan məqamlar var. Məsələn, silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları.

Silahlı qüvvələrə hər il on minlərlə insan xədmətə gəlir, o qədərə yaxını da tərxis olunur. Düzdürmü? Deməli, o qədər insan bu sahənin xeyli şəkildə informasiyasını cəmiyyətə daşıyır. Nəzərə al ki, onların sayı on minlərlədir. Bu məqamda həmin sirr əhəmiyyətini itirir. Bax bu məqamda Vətəndaş məsuliyyəti önə tutulmalıdır. Dövlətini sevən insanlar bu sirrdən danışmamalıdırlar.

Bir də ki, bizim xalq hərbi texnika ilə o qədər də ilgili olmaq istəmir. Hərbi texnologiyanı normal səviyyədə bilən 3-5 jurnalist tanıyıram. Onlar da qırmızı zolağın haradan başladığını bilirlər. Azərbaycanda hərbi həyatla məşğul olan jurnalistlər hərbi sirri yalnız savadsızlığından yaya bilər. Bu mənada isə sənin sualın bizim müxbirlərə yönəlik deyil. Yəni sirrin nə olduğunu gərək biləsən ki, Vətəndaş məsuliyyətini də anlaya biləsən.

Bu gün sosial mediada milli mənafelərimizə basqı açıqca duyulmaqdadır. Hər yetən ağzına və ağlına gələni yazır, yayır, bəyənir. Milli kimlik şüurunun hələ yetərincə dayaqlanmadığı çağımızda bu dövrün çox ciddi fəsadları gələcək düzənimizə yaxşı heç nə vəd etmir. Ona görə də, “Konflikt Jurnalistikası Məktəbi”-nin rəhbəri, BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının doktorantı Əlisəfa müəllimlə söhbətləşəsi olduq. Düşünürük dəfələrlə deyilmiş bu fikirlər bir başqa çağırış kimi oxunacaq.

Hərbi informasiyanın əldə edilməsində beynəlxalq təcrübə necədir?

-Hərbi informasiyanın yayılması çərçivəsi var. Hər bir dövlət reallaşdırdığı hərbi əməliyyatlar barədə informasiya yayır. Yaxud imitasiya edir. Yəni onun əməliyyat planları ilə maraqlanan qüvvələri təlqin edir, dezinformasiya yayır. Hadisəni ya kiçildir, ya şişirdir, informasiya alıcısını yönəldir, çaşdırır, yayındırır...

Belə olan hallarda maraqlı tərəflər ciddi analitik təhlilləri ilə prosesin, faktın, olmuşların mahiyyətini, motivini dəqiqləşdirirlər, şərhini, rəyini ortaya qoyurlar. Bu da yetməyəndə xüsusi əməliyyatlarla proseslərin içinə girib öyrənirlər.

Jurnalistika yükümlüləri bu informasiyaları “Stringer” jurnalistlərin fərasəti hesabına əldə edirlər. Bizim Konflikt Jurnalistikası Məktəbi bu ixtisasda jurnalistlərin hazırlanmasını qarşıya qoyub. Ümid edirəm bu fəaliyyət sahəsinin elmi bazasını yaxın vaxtlara formalaşdıra biləcəyik.

Ankarada dünyaca tanınmış Anadolu Ajansı (Agentliyi) “Savaş Mühabirliyi Okulu” qurub. Dünyada ən mükəmməl okuldur. Moskvada “Tsentr Ekstremalnoy Jurnalistiki” yəni “Ekstremal Jurnalistika Mərkəzi” var. Londonda “Risklərlə davranma” dərnəyi var. Bir çox ölkələrdə jurnalistika təşkilatları aradabir bu cür təlimlər edirlər. Bu cür məktəblər və dərnəklər hərbi informasiyanın əldə edilməsinin beynəlxalq təcrübəsini öyrədirlər.

Bu sualının cavabı bir neçə aylıq tədris və təlimin mövzusudur.

Media və sosial mediada hərbi sahəni işıqlandırmaq üçün hüquqi normativlər hansıdır?

-Ümumiyyətlə, mediada hərbi sahə üzrə konkret hüquqi normativlər yoxdur, yaşıl və qırmızı zolaqlar var. Situativ məqamlar var. Media sosial institutdur. O cəmiyyətin maraqlarına işləyir. İnformasiyanın alınması, emalı və yayımı yaradıcılıq işidir. Maraqlar isə dəyişkəndir. Deyirlər jurnalistikanın universal qaydaları var. İnsanlığa xidmət eləməlidir. Ancaq tam qətiyyəti ilə demək olar ki, bütün Media milli və dövlət maraqlarına xidmət edir. Bunun üçün isə dezolar, yəni dezinformasiyalar baş alıb gedir.

Sizin nəzərdə tutduğunuz hüquqi normativlər Dövlətin İnformasiya siyasəti ilə uzlaşmadır. Bunu bilmək üçün də, o Qanunu oxumaq gərəkdir.

-Cəmiyyətin hərbi infomasiyalara həssaslığı necədir?

-Göz qabağındadır. İnsanlıq, qana-qadaya çox həssasdır. Küçədə biri həyəcanla qışqıranda hamı diqqətini ora yönəldir. Görmürsənmi, avto qəza olanda millət necə toplanır? Hərbin də mahiyyətində bir qorxu var, ölüm-itim var.

Bədbəxçilik ondadır ki, bizim cəmiyyətdə hamı bu cür xəbərləri eşitmək istəyir, o səsə boylanır. Amma hərbi texnologiyalar barədə materiallara heç gözücü da baxmaq istəmir. Halbuki, savaşdan, terrordan, yaxud hər hansı silahlı qarşıdurmadan cəmiyyət üçün yayım hazırlayan reportyor bu situasiyanı bilməlidir: ekstremal şəraitdə davranmağı, silah-sursatı, savaşanların, (konfliktə cəlb olunananların xarakterini, bu mənzərəni çəkmə, təsvir etmə qaydalarını və s. bilməlidir) .

Bu tələbi anlayan, vətəndaş məsuliyyətini önə tutan bir neçə jurnalist və bloqqer hərbi vətənpərvərlik mövzusunda sayt açıblar, bloq yaradıblar. Ciddi də işləyirlər. Məsələn, Tofiq Şahmuradovun, Abuzər Abilovun bloqları, “Fədai.az” (Xaqani Ədəboğlu), “Ordu.az” (Şahin Qocayev), “Strateq.az”, “Miq.az” və s.

-Milli və ictimai maraqların təbliği ilə bağlı media materialı hazırlayan zaman nələrə diqqət etmək lazımdır?

– Jurnalistikanın işi təbliğat deyil. Təbliğatçılar KİV-in texniki vasitələrindən yararlanırlar. Təbliğa­tın cövhərində tərəf olma var, rəy vermə var. Bu isə jurnalistikanın qızıl qaydalarına ziddir. Bu məqam­da jurnalistika mahiyyətini dəyişir, hansısa meyllərin ruporuna çevrilir, sonra da sui-istifadələr başlayır. Bir az ağıllı yanaşaq. Jurnalistika cəmiyyəti məlumatlandırma, xəbərləmə sənətidir. İnformasiyanın verilmə üsulları ciddiliyini pozmamalıdır. Təbliğatı isə dəvət olunmuş şəxslər səsləndirə, ifadə edə bilərlər, jurnalist yox!

Təbii, cəmiyyət maraqları öndədir. Təkrar edirəm, redaksiya bu sayaq təbliğatlara şərait yaradır, təbliğat subyektlərini dəvət edir, amma özü təbliğatçı olmur.

– Sosial mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaları necə ayırd etmək, qarşısını almağa çalışmaq, zərərsizləşdirmək mümkündür?

– Çox çətin. Özü də çox-çox çətin. Sosial media nəzarət edilməsi mümkün olmayan məşğuliyyətdir. Öncə sən özün milli təhlükəsizliklə bağlı həm dövlət siyasətini bilməlisən, həm də milli maraqları, milli dəyərləri bilməlisən. Milli heysiyyətin qoruyucusu olmaq üçün regionda gedən prosesləri addım-addım izləməlisən, təhlil etməlisən, jurnalistika qanunları ilə cəmiyyət qanunlarını birləşdirən əxlaq daşıycısı olmalısan.

Sosial mediada qıraqdan, düşmən ölkələrdən gələn, sənin dilində gələn, sənin zəif xarakterinin bildikləri üçün incə təsir imkanları ilə gələn nə qədər dezinformasiyalar var, bilirsənmi?
Bu gün cibində ağıllı telefon gəzdirən hər bir kəsin elə bil ki, redaksiya imkanları var. Alır, üstündə bacardığı kimi işləyir və yayır. Di gəl, qarşısında dur. Qalır yalnız hər hansı üsullarla cəmiyyət yetiklərini təlimlərə çağırmaq, öyrətmək, öyrətmək, yenə də öyrətmək.

 

Səid Əhmədli

 

1
1
1
1
1








Redaktorun seçimi