Bu şəxslər 3000 manat cərimələnəcək – Qanun

18 dəfə oxunub
Bu şəxslər 3000 manat cərimələnəcək – Qanun

Bu gün Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb.

Faktor.az xəbər verir ki, deputatların gündəliyinə 36 məsələnin müzakirəsi təqdim olunub.

Gündəlik təsdiq edildikdən sonra iclasa başlanılıb.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihələr uyğunlaşma xarakteri daşıyır. Komitə sədri qanunun səsə qoyularaq qəbul edilməsini təklif edib.

Həmçinin “Hesablama Palatası haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Əli Hüseynli dəyişikliklərin əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlı olduğunu deyib.

İnzibati Xətalar Məcəlləsinin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib:

“Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir”.

Deputatlar qanun layihələrini əsas olaraq qəbul ediblər.



Redaktorun seçimi